Azərbaycan ilə Dünya Bankı ölkədə kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin, həmçinin suvarma və drenaj sektorunda xidmətlərin səmərəliliyinin artırılmasını hədəfləyən “Rəqabətqabiliyyətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlanması ilə bağlı məsələləri müzakirə edib.
Tezadlar.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazirliklə Dünya Bankının nümayəndələri arasında görüşdə aparılıb.
Məlumata əsasən, tərəflər layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin rolu və fəaliyyət istiqamətləri, layihə komponentlərinin əhatə dairəsi, maliyyələşdirmə məsələləri, layihənin icra olunacağı coğrafi ərazilər və hədəf benefisiarlar barədə fikir mübadiləsi aparıblar.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas istiqamətləri barədə Dünya Bankının nümayəndələrinə məlumat verib.
Nazir müavini aqrar sektorun rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının artırılması, müasir maliyyələşmə mexanizmlərinin tətbiqi, eləcə də kənd təsərrüfatının inkişafına xidmət edən yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.







