Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2026 / 15:15

Azərbaycan XİN-dən CNN-in əsassız iddialarına SƏRT REAKSİYA

“CNN World”-də dərc olunmuş məqalədə Azərbaycanla bağlı iddialar əsassızdır.

Tezadlar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə “CNN World”-də dərc olunmuş məqalədə Azərbaycanla bağlı əsassız iddialarla bağlı açıqlamasında deyib.

A.Hacızadə bildirib ki, 5 iyun tarixində “CNN World” xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır: “Onları qətiyyətlə rədd edirik. Sözügedən məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilmiş və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilmişdir.

Heç bir tutarlı sübut ortaya qoyulmadan, anonim mənbələrə əsaslanan və Azərbaycanın rəsmi mövqeyini nəzərə almayan iddiaların yayımlanması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsipləri ilə ziddiyyət təşkil edir.

Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək.

Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir. Bu kimi əsassız və heç bir sübuta əsaslanmayan iddialar növbəti dezinformasiya cəhdidir.

CNN-dən əsassız iddiaların yayıldığı bu məqalənin təkzib edilməsini gözləyirik”, – A.Hacızadə qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!