Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda sənədsiz evlər üçün “amnistiya” elan edilməsi təklif olunur.
Tezadlar.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov parlamentin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Bildirilib ki, hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev var. Ona görə sənədsiz evlər üçün “Şəhərsalma və Memarlıq İli”ndə “amnistiya” elan edilməsi təklif edilir.
Təklifə görə, bununla bağlı xüsusi proqram qəbul edilə və məsələ mərhələli formada həll oluna bilər.
Qeyd edilib ki, bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahat lazımdır.
“Mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir. Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmir. Qeydiyyata düşə bilmədiyi üçün ərazi üzrə dövlət xidmətlərinə tam çıxışı olmur. Evinə qaz çəkə bilmir. Ailə başçısı vəfat edəndə vərəsəlik hüququ avtomatik tanınmır. Övladına qanuni yolla keçirə bilmir. Boşanma zamanı mənzilə hüquqi iddia irəli sürə bilmir”, – deyə bildirilib.
Əlavə edilib ki, sənədsiz evlər bu gün dəyərindən 20-30 faiz ucuz satılır, banklar tərəfindən girov kimi qəbul edilmir.
Türkiyədəki təcrübənin Azərbaycanda da tətbiq olunması təklif edilir.
“Ancaq sənədsiz evlərlə bağlı dünya təcrübəsi, Türkiyə təcrübəsi mövcuddur. Türkiyədə İmar Barış proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3%-i miqdarında ilkin rüsum ödəməklə çıxarış aldı. Biz də buna oxşar təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda, o cümlədən mübahisəli evlər istisna olmaqla, sənədsiz evlərə çıxarış verilə bilər. Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardlarla manat həcmində əlavə və davamlı dəyər qata bilər. 2025-ci ildə hüquqi şəxslərin əmlak vergisində 36,9 milyon manat, dövlət rüsumlarında isə 57,8 milyon manat az icra qeydə alındığı görünür”, – deyə Kamal Cəfərov qeyd edib.
trend