Son vaxtlat bəzi media qurumları və beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətinin dayandırılması müəyyən müzakirələrə yol açmışdır… Milli Məclisin bugünkü iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu məsələyə dair özəl fikirlər səsləndirib. Sitat: “…Azərbaycanda jurnalistlər media fəaliyyətinə görə deyil, kənardan qeyri-şəffaf maliyyələşmə, xarici dövlətlərin məxfi siyasi layihələrində təsir agentlərinə çevrildiklərinə görə məsuliyyət daşıyırlar. Məsələn, Abzas.media layihəsi əsla KİV deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır”. O, həm də deyib ki, BBC, “Amerikanın Səsi”, “Rossiya Seqodnya” və digər media subyektləri, eləcə də UNDP və ya “Rus Evi” kimi mədəni-humanitar çətir altında çalışan təşkilatlarla bağlı dövlətin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqət prinsiplərinə tamamilə uyğundur. Sitat: “Ölkəmiz simmetrik münasibət tələb edir, əks halda, məhdudlaşdırma tədbirlərinə qərar verilir. Yəni, bizə göstərilən münasibət təkrarlanır. HRW, “Freedom House” və digər təşkilatlar son 4 ildə bir zəngilanlının, şuşalının azad torpaqlara qayıdışına, o cümlədən, mina terroruna hesabat həsr etməyib. İnsan hüquqlarının selektiv tətbiqi-özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında olan sahəyə çevrilmişdi. Artıq hüquq monopolistlərinin hakimiyyəti iflasa uğrayır. BMT-nin bir sıra qurumlarının yerli ofislərinin, həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin 90-cı illərlə müqayisədə Vətən müharibəsində və ondan sonrakı fəaliyyəti nizamnamə tələblərinə uyğun olmayıb, anti-Azərbaycan planlarına xidmət edirdi. İtkin düşən şəxslərlə bağlı artıq yeni beynəlxalq qurum Bakıdadır və xaçsız humanist məqsədlərə xidmət edəcək”.
Beləliklə, bir çox xarici təşkilatların narahatlığına deputat aydınlıq gətirdi…
A.Məmmədli