9 Aprel 2025 / 12:48

Azərbaycanda saxlanılan cinayətkar Özbəkistana təhvil verildi

Bakıda həbs edilən Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib.

Bu barədə Tezadlar.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, 1997-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Akbarov Abror Anvar oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş A.A.Akbarov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!