Nəhayət, Rusiya tərəfindən İşğal altında olan Gürcüstanın Abxaziya bölgəsində qondarma prezident seçkilərinin ikinci turu yekunlaşıb. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, prezidentlik postu uğrunda iki namizəd Adqur Ardzinba və Badra Qunba mübarizə aparıb. Abxaziya “Mərkəzi Seçki Komissiyası”nın məlumatına əsasən, “prezidentliyə namizəd” Badra Qunba “seçkilər”in ikinci turunda səslərin 54,73 faizini toplayıb və Abxaziyanın yeni “prezidenti” seçilib.
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin qondarma prezident Badra Qunbanı təbrik edib və deyib: “Abxaziya prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm – Ümid edirəm ki, Rusiya ilə Abxaziya arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmlənməsi davam edəcək”.
Sonra deyirlər ki, dünyada ədalət var. Deməli, ədalət güc deməkdir!
A.Məmmədli