Bakı meriyasının diqqətinə: niyə hər dəfə eyni subasma təkrarlanır, amma tədbir görülmür???

Oxunma sayı: 472

Problem dərindir: Bakının küçələri adi yağışlarda su altında qalır, amma hər qarışını göydələnlərə satanlar susur, yollarını parklamalara və velosipedləşdirmələrə ayıranlar dinmir… Səbəb isə birdir: rəhbər məsuliyyəti yoxdur! Bakıya qaz vurub qazan doldurma meydanı- bazarı kimi baxanların fəaliyyətinin sonu belədir!

Dünən dı Bakı eyni aqibəti yaşadı. Ölkənin rəsmi və yarırəsmi TV- ləri biabırçı mənzərələri göstərdi, sosial media paylaşdı. Bu hal hər yağış yağanda təkrarlanır. Amma tədbir görülmür. Aidiyyəti qurumlar Bakının kanalizasiya və ya suötürmə problemi qarşısında acizdir! Paytaxtın şəhərsalma Agentliyi isə köhnə tikililərin sökülüb məmur MTK- larına satılması ilə məşğuldur. Tikənlər isə bu qədim şəhərin kanalizasiya xətlərinin su tutumunu öyrənmir, öyrənmək istəmir və nə istəyir, onu da edir. Bakı indi tikinti meydanıdır, üstü tikilir, altından kimsənin xəbəri yoxdur…. Elə buna görə də idarəedilməz haldadır!

Ötən gün isə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilib. Nazirlikdən tezadlar.az- a bildirildi ki, hazırda Bakı şəhərində, həmçinin Ağstafa və Qusar rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb. Əməliyyat nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla ümumilikdə 135 nəfər vətəndaş təxliyə olunub. Və yaranan fəsadların aradan qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 450 nəfərə yaxın şəxsi heyəti və 150-yə yaxın texnikası cəlb edilib.

Rayonları və dağlıq əraziləri başa düşdük, yaxşı, bəs Bakıya nə olub? Bakıda dağ çayları var?

A.Məmmədli

Xəbəri paylaş