Bakı-Tbilisi-Bakı sərnişin qatarı tezliklə xəttə çıxacaq!- ŞAD XƏBƏR

Oxunma sayı: 352

…Son günlər Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bir neçə gün əvvəl “Gürcüstan Dəmir Yolları”ndan verilən məlumata görə, bu istiqamətdə texniki detallarla bağlı müzakirələr aparılır və dəqiqləşdirmə prosesi davam edir. Qurumun yaydığı açıqlamada qeyd olunub ki, hazırda tərəflər məsələ üzərində intensiv şəkildə çalışır və sərnişin daşımalarının nə zaman bərpa olunacağı barədə dəqiq tarix daha sonra ictimaiyyətə təqdim ediləcək. Bununla belə, ötən gün bəzi mətbu orqanlarda “Gürcüstan Dəmir Yolları”nın adından Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpasının təxirə salındığına dair məlumatlar yayılıb. Tezadlar.az bildirir ki, 24News.ge xəbər portalının sorğusunu cavablandıran  “Gürcüstan Dəmir Yolları” departamenti bu məlumatları təkzib edib. Bildirilib ki, prosesin təxirə salınması ilə bağlı yayılan xəbərlər dezinformasiyadır və qurum tərəfindən belə bir açıqlama verilməyib. Qurum əlavə edib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası prosesi davam etdirilir və yaxın zamanlarda hər iki tərəfin birgə razılığı əsasında rəsmi məlumat ictimaiyyətə təqdim olunacaq.

Xəbəri paylaş

19 May