Bakıda Türk Ticarət Mərkəzində (TTM) Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın ticarət pavilyonlarının rəsmi açılış mərasimi baş tutub.
Tezadlar.az xəbər verir ki, tədbirdə Mərkəzin və “Okuklu Holdunq”in rəhbəri Yılmaz Okuklu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Qazaxıstan və Qırğızıstanın Azərbaycandakı səfirləri və millət vəkilləri iştirak ediblər.
Tədbir çərçivəsində TTM ilə Özbəkistanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
TTM-nin rəhbəri Yılmaz Okuklunun sözlərinə görə, Türk Ticarət Mərkəzi olaraq bu sənədlər artıq ard-arda bütün türk dövlətləri ilə imzalanır.
“Bu memorandumlar çərçivəsində TTM öz imkanlarını bütün türk dövlətlərinə açır, onlara pavilyonlar təqdim edir ki, öz məhsullarını burada nümayiş etdirməklə ticarəti aktivləşdirsinlər. Biz öncə belə bir Memorandumu Qırğızıstanla, Qazaxıstanla, Türkiyə ilə imzaladıq. Növbəti sənəd Türkmənistanla imzalanacaq. Pavilyonların açılması türk dövlətləri arasında ticarət əlaqələrinin gücləndirilməsinə böyük töhfələr verəcək”, – Yılmaz Okuklu qeyd edib.