12 İyun 2026 / 22:33

BakıKart-ın dolaşıq fəaliyyəti- NARAZILIQ CİDDİDİR

…Bir neçə gün əvvəl BakıKart qiymətinin artırılması ilə bağlı xəbəri eşidəndə bir anlıq düşündüm ki, burada yenə hansısa hiylə var. Aradan bir neçə gün keçdi. Dostlarla birlikdə metroya düşdük. Onların kartı yox idi. Mən telefonumdakı pulqabı tətbiqi ilə ödəniş etdim. Özüm keçəndən sonra ikinci nəfəri də keçirmək istədim, amma ödəniş qəbul olunmadı.
Bizə dedilər ki, bir cihazdan yalnız 2 nəfər üçün ödəniş etmək mümkündür.
İndi sual yaranır: bu nə məntiqdir, bu nə məhdudiyyətdir? İnsanların həyatını asanlaşdırmaq əvəzinə niyə hər gün yeni çətinliklər yaradılır?
Onsuz da insanlar günbəgün artan qiymətlərin, bitib-tükənməyən problemlərin altında əzilir. Bir tərəfdən bahalaşma, digər tərəfdən xidmətlərin məhdudlaşdırılması. İnsanların haqqına girmək, cibinə göz dikmək artıq adi hala çevrilib.
Hara baxırsan narazılıq, hara baxırsan problem. Mobil operatorlardan tutmuş müxtəlif xidmət sahələrinə qədər insanlar daim haqsızlıqlardan şikayət edir. Vətəndaşın rahatlığı düşünülmür, amma ondan daha çox ödəniş tələb olunur.
Axı bu qədər də olmaz. Bir xalqın səbrini bu qədər sınağa çəkmək olmaz. İnsanlar sadəcə normal yaşamaq, haqqı olan xidməti almaq, öz ölkəsində özünü dəyərli hiss etmək istəyir.
Bu qədər problem, bu qədər narazılıq, bu qədər yük artıq kifayətdir. Bəsdir…
Tərlan Baxışlı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!