Bakı Ali Neft Məktəbində “SOCAR Türkiyə” şirkətinin Baş icraçı direktoru Elçin İbadovun həmmüəllifi olduğu “Layihənin maliyyələşdirilməsi” kitabının təqdimatı olub.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
“Təqdimat mərasimində SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva, Kommunikasiya məsələləri üzrə icraçı direktor Aygün xanım Hüseynova, SOCAR-ın Baş ofisinin və “SOCAR Türkiyə” şirkətinin rəsmi şəxsləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edərək kitabın gənclərin layihə idarəetmə və maliyyələşdirmə sahəsində biliklərini genişləndirmək üçün ideal mənbə və onların gələcək karyera inkişafına böyük töhfə verəcəyini bildirdim.
Kitabın həmmüəllifi Elçin İbadov çıxışında layihələrin maliyyələşdirilməsinin müasir dövrdə əhəmiyyətini qeyd edərək vurğuladı ki, Nabil L. Xodadadla birgə müəllifi olduğu bu kitab uzun illər boyu formalaşdırılan təcrübədən ərsəyə gələn mənbədir. O, həmçinin əlavə etdi ki, nəşr layihə idarəetməsinin praktiki aspektlərini əhatə etməklə oxuculara real iş təcrübəsini əks etdirən məlumatlar təqdim edir.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Rövnəq Rzayev kitab haqqında fikirlərini bölüşərək bildirdi ki, “Layihənin maliyyələşdirilməsi” oxucuların anlayacağı dildə yazılıb və əvvəllər mövcud olmayan məlumatları təqdim etməsi ilə əsl faydalı vəsaitdir.
Tələbələr adından çıxış edən Bakı Ali Neft Məktəbinin Biznesin idarəedilməsi ixtisasının V kurs tələbəsi Maya Kərimova kitabın asan dildə yazıldığını, hərtərəfli məlumatları əks etdirdiyini və tədris prosesində böyük fayda verəcəyini bildirdi”, – deyə rektor qeyd edib.
Y.Məmmədli