Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Süni qiymət artımı artıq dünya ölkələri rəhbərlərini ciddi şəkildə düşünməyə vadar edir. Bəzi işbazlar isə fürsıtdən yararlanmaq üçün istehlakçıları süni qiymət artımı ilə sınağa çəkməkdədir. Bu isə ölkədə gec-tez sosial narazlığın əsasını yaradan amildir. Tezadlar.az xatırladır ki, “Biznes və əhalinin maraqlarının maksimum dərəcədə balanslaşdırılması hökumət üçün əsas prioritetlərdəndir. Məqsəd mümkün olduğu qədər qiymətlərin aşağı salınmasına nail olmaqdır”,- deyən Gürcüstanın Baş naziri İrakli Kobaxidze də ərzaq məhsullarının qiymətləri ilə bağlı fəaliyyət göstərən hökumət koordinasiya komissiyasının iclasında bildirib. İclasda distribütor şirkətlərin nümayəndələri də iştirak ediblər. Görüşlə bağlı məlumatı Hökumət Administrasiyasının mətbuat xidməti yayıb. Məlumata görə, Baş nazir qeyd edib ki, aparılan araşdırmalar Gürcüstanda qiymət artımının orta hesabla 86 faiz təşkil etdiyini göstərir. Onun sözlərinə görə, bu göstərici kifayət qədər yüksəkdir və qiymətlərin formalaşma zəncirinin təhlilinə ehtiyac yaradır. İrakli Kobaxidze bildirib ki, komissiyanın əsas məqsədi müvafiq tərəflərlə müzakirələr aparmaq, məhsulun ölkə sərhədindən mağaza rəfinə qədər keçdiyi mərhələlərdə qiymət artımının səbəblərini müəyyənləşdirmək və qiymətlərin azaldılması üçün mövcud imkanları araşdırmaqdır. Baş nazirin sözlərinə görə, ilkin araşdırma göstərir ki, sərhəddən mağaza rəfinə qədər qiymət artımı orta hesabla 86 faizdir. Müqayisə üçün o qeyd edib ki, Almaniyada bu göstərici adətən 20–30 faiz civarındadır. Kobaxidze vurğulayıb ki, Gürcüstanda qiymət artımının 44 faizi distribusiya sektorunun payına düşür, pərakəndə satış şəbəkələrində isə bu göstərici nisbətən aşağıdır. Hökumət başçısı bildirib ki, bu vəziyyət bir sıra hallarda Gürcüstanda qiymətlərin Avropa ölkələri ilə müqayisədə 50 faiz, bəzi məhsullar üzrə isə iki-üç dəfə baha olmasına səbəb olur. O, biznes fəaliyyətinin müsbət tərəflərini qeyd etsə də, sosial amilin də nəzərə alınmasının vacibliyini vurğulayıb. “Bizim üçün bizneslə əhalinin maraqlarının maksimum dərəcədə balanslaşdırılması vacibdir. İstəyirik ki, hamımız birlikdə əhalinin maraqlarına qayğı göstərək və mümkün olduğu qədər qiymətlərin aşağı salınmasına çalışaq”, – deyə Baş nazir bildirib. İrakli Kobaxidze əlavə edib ki, bu cür görüşlər hökumətə birbaşa sektordan problemlər və qiymətlərin azaldılması üçün mövcud resurslar barədə məlumat almağa imkan verir. Komissiyanın iclasında Distribütorların Biznes Assosiasiyasının rəhbəri və 15-ə yaxın distribütor şirkətin nümayəndəsi iştirak edib. Məlumata görə, gələn həftədən etibarən oxşar görüşlərin ərzaq məhsulları istehsalçıları ilə keçirilməsi, həmçinin dərman preparatları və yanacaq qiymətləri ilə bağlı müzakirələrin aparılması planlaşdırılır.
Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılmalıdır. Təəssüf ki, müxtəlif səbəblərdən artaq qiymətlər bir daha enmir!
A.Məmmədli