23 İyun 2026 / 16:53

Baş nazirdən sürücülərə sevindirici xəbər: “Cərimələrin azaldılması barədə qərar qəbul etdik”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yol hərəkəti qaydalarının pozulması və tətbiq olunan cərimələrlə bağlı aparılan təhlilin nəticələrini açıqlayıb. Tezadlar.az  xəbər verir ki, jurnalistin sualını cavablandıran baş nazir bildirib ki, hökumət yol hərəkəti qaydalarının pozulması halları və müvafiq cərimələrlə bağlı statistik göstəriciləri qiymətləndirib. Təhlil nəticəsində müəyyən olunub ki, cərimələrin artırılması yol hərəkəti təhlükəsizliyi göstəricilərinin yaxşılaşmasına ciddi təsir göstərməyib. “Biz yol hərəkəti qaydalarının pozulması və bununla bağlı tətbiq olunan cərimələrə dair statistikanı təhlil etdik. Məlum oldu ki, cərimələrin artırılması bu halda statistikanın yaxşılaşmasına təsir göstərməyib”, – deyə Kobaxidze qeyd edib.

 Baş nazirin sözlərinə görə, məhz bu nəticələr nəzərə alınaraq cərimələrin azaldılması barədə qərar qəbul olunub. Sitat: “Biz istəmirik ki, artırılmış cərimələr əhali üçün əlavə maliyyə yükünə çevrilsin. Buna görə də bütün bu amilləri nəzərə alaraq cərimələrin azaldılması qərarını verdik”.

Azərbaycanda da belə bir qərar qəbul olunmasına ciddi ehtiyac var. Minimum əmək haqqı 400 manat olan ölkədə ayda 200-300 manat cərimə ödəmək nə deməkdir? Necə olur ki, 10-20 il əvvəl ildə bir-iki dəfə qayda pozan sürücü indi hər gün AYNA və ya DİN-nin cərimələrinə tuş gəlir?

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!