“Rejim onları nəyin vurduğunu və nəyin vuracağını bilmir.”
TEZADLAR.AZ Deutsche Welle-yə istinadən xəbər verir ki, , İsrailin baş naziri İran xalqına müraciətində “İranın qürurlu xalqını” İslam Respublikası rəhbərliyinə qarşı ayağa qalxmağa çağırıb.
Netanyahu iyunun 13-də cümə günü axşam saatlarında yayımladığı videomüraciətdə, “Rejim onları nəyin vurduğunu və nəyin vuracağını bilmir. O heç vaxt bu qədər zəif olmamışdı. Bu, ayağa qalxmaq və səsinizi eşitdirmək fürsətinizdir” – deyib.
O, “Qadın, həyat, azadlıq!” şüarını da təkrarlayıb, hansı ki, 2022-ci ildə İranda hökumət əleyhinə etirazlar zamanı səsləndirilib.
“50 ilə yaxındır sizə zülm edən İslam rejimi ölkəmizi məhv etməklə hədələyir”, – deyə Netanyahu bildirib.
İsrailin Baş naziri çıxışı zamanı vurğulayıb ki, İrana qarşı hərbi əməliyyatın məqsədi “islam rejimindən qaynaqlanan nüvə və ballistik təhlükənin qarşısını almaqdır”.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrandakı bir sıra hədəflərə, o cümlədən Tehrandakı obyektlərə və Natanzdakı nüvə mərkəzinə güclü zərbələr endirib. Hücumlarda digərləri ilə yanaşı, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami, 9 nüvə alimi də həlak olub.
İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki , İsrailin zərbələri müharibə elanıdır. İsrailin hava hücumlarına cavab olaraq İran İsrail ərazisinə 100-ə yaxın pilotsuz uçuş aparatı atıb.
İsrailin müdafiə naziri İsrael Kats deyib ki, Tehran “İsraildəki mülki əhaliyə raket atmağa cəsarət etdikdən sonra qırmızı xətti keçib”.
JASMİN