…Noyabrın 11-də aldığım qəfil və acı xəbərdən çox sarsıldım. Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini, əsl ziyalı, nəcib, səmimi, qayğıkeş, ədəbli bir insan olan Şahin Babayev ürək tutmasından dünyasını dəyişdi.
Həmkarım Şahin jurnalistika fakültəsində məndən bir neçə kurs sonra oxuyub, bərabər çalışmamışıq, yaxın dost da olmamışıq. Onu Jurnalistlər Birliyində görəndə illərin tanışı kimi isti, səmimi qarşıladı məni. Üzvlük vəsiqəmi dəyişəndə illik üzvlük pulunun miqdarını belə deməyə çətinlik çəkirdi, utanırdı. Onun nəcibliyi, sadəliyi, qarşısındakı insanla gözəl ünsiyyəti, vəzifəsini vicdanla yerinə yetirirməsi məndə elə yüksək hisslər oyatmışdı ki…Nə yaxşı ki, jurnalistika camiəsi bu cür ziyalılardan xali deyil deyə düşünmüşdüm.
Bir neçə dəfə də məndən Birliyə yeni üzv olmaq istəyən jurnalistlər haqqında fikir bildirməmi istəmişdi. Sən fəal jurnalistikadasan, daha yaxşı tanıyırsan- demişdi. Kimsə söyləyə bilməz ki, Şahin üzvlük vəsiqəsini verəndə nəsə umsun. Bu onun xarakterinə və yaşam tərzinə tam əks hal idi. Dürüst, ədalətli, məsuliyyətli, olduqca nəcib əsl ziyalı idi. Əsl ona görə deyirəm ki, indi yalandan özünü ziyalı adlandıran, yaxud da bir- iki cızma-qarası olsa da, keyfiyyətsiz xarakterli insanlar çoxdu. Şahin bir başqa idi.
Gözə girmək, özünü kiməsə göstərmək, öymək, ödül dalınca qaçmaq və s. bu kimi hallardan çox uzaq idi. Şahinlə bircə dəfə ünsiyyətdə olmaq kifayət idi ki, o daim sənin yaddaşında qalsın və nə yaxşı ki, hələ də bu cür dürüst, səmimi, kübar, ziyalılar var qənaəti gələsən. Amma 4 gündür ki, o aramızda yoxdu. Şahinin itkisi məni çox sarsıtdı. Amma ən azı onun itkisi qədər məni sarsıdan dəfn mərasimində həmkarlarının olmaması idi. Kimsənin olmaması nə dəfndə, nə də 3 mərasimində. Şahinin Jurnalistlər Birliyinin üzvlük vəsiqəsini verdiyi jurnalistlərin yüzdən bir faizi gəlsəydi onun dəfni o qədər sönük və kimsəsiz keçməzdi.
Onunla ən azı həftədə 2-3 dəfə üz-üzə gələn, eyni binada yerləşən “Xalq qəzeti”nin kollektivi necə? Sizin Şahinə bir vəfa borcunuz yox idimi? Sizin qəlbinizi heç titrətmədimi onun qəfil ölümü? Bunudamı sizə redaktorunuz tapşırmalı idi?
Bəs, bar-bar bağırdığınız jurnalist həmrəyliyi necə oldu? Bunun üçün Şahin reket olmalı idimi, məmur qapılarında qalmalı idim? Çox təəssüflər olsun. Şahin bu laqeydliyə, bu dönüklüyə, bu soyuqluğa, bu vəfasızlığa layiq deyildi, heç deyildi.
Üç mərasimində bacısı Kəmalə xanım adımı soruşdu. Dedi ki, hə, telefonunda sizin adınız var. Və Kəmalə xanım Şahinin telefonunun kontaktında olan bütün isimləri güman ki, incələyib, onların yolunu gözləyir.
Nurlar içində yat nur üzlü həmkarım, izin də, işığın da, adın da, şəxsiyyətin də hafizəmizdə, qəlbimizdə yaşayacaq.
Əntiqə Qonaq,
AJB üzvü

