28 Aprel 2025 / 10:57

Bəxtiyar Vahabzadə şəxsiyyəti sərhəd tanımırdı…

 «Onu daha yaxından tanımaq lazımdır ki…». «Bəs o, kimdir» sualına, əsasən, belə də cavab verirlər. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq şairi, milli azadlıq mücadili, elmilər doktoru, dramaturq, çoxsaylı Dövlət mükafatları laureatı… Bunlar hamısı Bəxtiyar Vahabzadə yaradıcılığına verilən dəyərlərin cəmidir. Lakin bu yazıda nə onun şairliyindən, elmi-pedoqoji fəaliyyətindən, istiqlal arzularından, nə mükafatlarından, nə də onun müəllimliyindən… danışmayacağam. Sadəcə, Şəkidə yaşadığım müddətdə onun söhbət və ünsiyyətlərim haqqında bəzi məqamları deyəcəyəm ki, Bəxtiyar Vahabzadənin necə bir şəxsiyyət olması oxuculardan bir qədər də aydın təsəvvür yaratsın.

***

…23 iyul 1993-cü ildə ermənilər Ağdam rayonunu işğal etdiyinə görə biz Şəkiyə gəldik. Köçkün düşdük… Məskunlaşma məsələsində bizə köməyi dəyər deyə Bəxtiyar Vahabzadə ilə görüşməyi planlamışdıq. Bəxtıyar Vahabzadə dünya şöhrətli alim Xudu Məmmədovla dost olmuşdular. Şəkiyə gələnlər isə Xudu Məmmədovun bacısı Məhbubə Əzimova və onun qohumları idilər.

Biz 6-7 ailə idik. Şəkiyə getməmişdən əvvəl də biz Bəxtıyar Vahabzadəni bir vətənpərvər şair kimi tanıyırdıq və sevirdik. Dərdi olmayanda, dərtsizliyi özünə dərd edən şairə, bir qayğı da biz olduq. Məskunlaşmağımız üçün bilmirdi neyləsin, inanın, kövrəlib ağlaya- ağlaya bizə yer tapdı. Beləliklə, biz Şəkidə məskunlaşdıq. Həyatının sonuna qədər də bizə himayədarlıq etdi rəhmətlik Bəxtıyar Vahabźadə. Bu unudulmazdır.

***

O vaxt  insanlığa indikindən daha çox yaxın olsalar da, bizə günahkar kimi, suçlu kimi üstdən aşağı baxırdı bəzi insanlar. Allah heç kəsə  göstərməsin, qaçqınlıq-yurdsuzluq çox pis şeydi.
O vaxt yurd itirmiş bizlər üçün ən böyük ehtiyac duyduğumuz həm də mənəvi dayaq, təsəlli idi. Zəngin mənəviyat sahibi olan böyük insan B.Vahabzadə nəinki bizə təsəlli verirdi, hətta bizə öz doğmaları kimi yanaşırdı. O, hər il yay aylarını Şəkidəki evində olurdu. Hər axşam məni də, dostlarını da söhbət üçün evinə dəvət edirdi. Söhbətlərimiz əsasən ədəbiyyatdan olsa da, bəzən müxtəlif səmtə də yönəlirdi. Milli məsələdən söhbət düşəndə isə deyirdi: «Mənə bəzən millətçi deyirlər. Amma mən heç bir millətin bədbəxtliyi üzərində öz millətimin xoşbəxtliyini istəməmişəm».

Belə bir ürək və humanizm sahibi idi Bəxtıyar Vahabzadə. O, bütün insanları sevirdi. İnsanlığı sevirdi. Odur ki, dünyanın müxtəlif xalqlarından dostları var idi. Hər hərəkəti, danışdığı, hər sözü insan böyüklüyünə nümunə idi. İnsan özünü onun yanında daha rahat, daha azad, daha böyük hiss edirdi. Belə insan idi Bəxtıyar Vahabzadə.

***
Allah onu bu millət üçün bir ərməğan göndərmişdi. Sevgisi bol, idrakı dərin və ədalət mübarizi idi. Dostu, böyük alim Xudu Məmmədov kimi, Cəlil Məmmədquluzadə, M.Ə.Sabir, Üzeyir Hacıbəyli aşiqi  idi. İnsana xas ola biləcək ən ali xüsusiyyətlər onda cəmlənmişdi.

Şəkidə yaşadığım uzun illər müddətincə onda gördüyüm böyüklüyü, təvəzökarlığı, dosta sədaqəti, mərdliyi, kişi xarakterini bəlkə də heç kimdə görmədim. O, həm də Milli Məclisin deputatı olduğuna görə o vaxtlar hakimiyyət dairələrində sözü keçən biri idi.

Bir gün bir nəfər həbsdə olan oğlunun əfv edilməsi üçün Bəxtiyar müəllimdən kömək istəmişdi. Halbuki həbsdə olan şəxs adam öldürdüyü üçün həbs olunmuşdu. Məhbusun atasının xahişindən imtina edərək ona demişdi ki, sən heç olmasa oğlunu müəyyən zamandan bir görə bilirsən, amma övladı ölmüş ana oğlunu heç vaxt görə bilmir… Beləliklə, hər hansı məsələyə ədalət tərəfdən yanaşmaq böyüklüyü vardı onda. Deyirdi ki, deputatların çoxu mənə qibtə edir. Ona görə ki, mənim deputatlıqdan istifadə edərək qurduğum hər hansı bir işim və ya biznesim yoxdu. Amma onların var.
Deyirdi ki, mənim nəvələrim dadlı bir şey yeyəndə fikirləşirəm ki, görəsən qaçqının-köçkünün də uşağı ondan yeyirmi?

O, millətin hər bir övladını öz balası kimi sevirdi. Sanki insanların işinə yaramaq üçün, insanların müşkül işini həll etmək üçün yaranmışdı.

 

…Dəqiq və dediyi sözün ağası olan müdrik insan idi. Gözü- könlü tox idi. Hər il doğum günündə ona nəsə bir hədiyyə vermək istəsək də, qəbul etməzdi. Mən elə güman edirdim ki, mən köçkünəm deyə, yəqin mənə qıymır. Sonra gördüm ki, heç kimdən, hətta uşaqlıq dostundan belə, hədiyyə qəbul etmir.
Bir dəfə ad günlərinin birində bizə etdiyi təmənnasız yaxşılıqlar barədə danışmaq istəyəndə ayağa durub kənara çəkildi, məclisdən uzaqlaşdı. Çünki onu tərifləməkdən xoşlanmazdı. Təvazökarlıqda tayı-bərabəri yox idi. Ədaĺətsizliyə qarşı çox dözümsüz idi.
Zəngin mənəviyyat sahibi kimi, Azərbaycan ziyalıları arasında tanıdılması vacib olan şəxsiyyətlərdən biri idi B Vahabzadə. Deyirdi ki, camaat arasına çıxmağa utanıram, ona görə ki, deyərlər, Vətəni işğalda qalmış Xalq şairi olan bu kişi hələ sağdır? Onda heç 80 yaşı da yox idi.

***

…84 il yaşadı Bəxtıyar Vahabzadə. Amma ləyaqətlə yaşadı… Xalqı sevə-sevə və xalqın da sevdiyi şəxsiyyət kimi yaşadı!

Ailəsinin bütün üzvüləri alicənab idilər. Həyat yoldaşı Dilarə ana, Allah ona rəhmət eləsin, analar anası idi. Mən ona Dilarə xala deyə müraciət edərdim. Amma bu qadında o qədər mükəmməllik görmüşdüm ki, bu yazıda onu DİLARƏ ANA adlandırdım. Savadlı, geniş ürəkli, incə qəlbli, ürəyi sevgi ilə dolu, mütaliəli, ağı qaradan seçə bilən, səxavətli- bir sözlə, peyğəmbər övladı kimi bütün gözəl əlamətləri özündə təcəssüm etdirən bir ANA idi.
B. Vahabzadənin bizə və ya bizim timsalımızda bu millətə etdiyi yaxşılıqların qarşılığını heç nə ilə ödəmək mümkün deyil. Düşünürəm ki, onun insanlığı insanlıq çərçivəsinə sığmırdı. O, ağlagəlməz dərəcədə hamı üçün böyük insan, nümunə olası şəxsiyyət idi…

Əvəz İbrahimov,

Ağdam

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!