İyunun 21-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə “Opera günləri” layihəsi çərçivəsində (6-25 iyun) təqdim edilən növbəti konsert proqramı Azərbaycanın professional vokal sənətinin banisi, opera müğənnisi, SSRİ Xalq artisti, professor Bülbülə həsr olunmuşdu.
TEZADLAR.AZ xəbər verir ki, konsertdə Bülbülün repertuarından olan xalq mahnıları, romanslar, operalardan parçalar səsləndirilib.
Xüsusi olaraq vurğulamaq istərdik ki, bu gecə tam fərqli bir gecəydi: yüksək musiqi zövqünə malik Azərbaycan tamaşaçıları Bülbül repertuarından peşəkarlıqla ifa olunan musiqi əsərlərini sürəkli alqışlarla müşayiət edirdilər. Vaxtilə Bülbülün ifa etdiyi əsərləri yenidən dinləmək tamaşaçıları riqqətə gətirirdi.
Konsertdə Asəf Zeynallının “Ölkəm” romansını, C.Verdinin “Riqoletto” operasından Dukanın mahnısını Atəş Qarayev, “Mən aşiq gündə dara” Xalq mahnısını İlkin Əhmədov, Ü. Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romanslarını Əliəhməd İbrahimov, Ruggero Leoncavallonun “Palyaço” operasından Kanyonun ariyasını, D.Puççinin “Toska” operasından Kavaradossinin ariyasını Adil Axundov, “Xumar oldum” Xalq mahnısını Mirəli Sarızadə, C.Verdinin “Riqoletto” operasından Hersoqun ariyasını (“La donna e mobile”), Ü.Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyasını Fərid Əliyev, F.Əmirovun “Ulduz romansını Mahir Tağızadə, T.Quliyevin “Neftçilər” mahnısını Rza Xosrovzadə böyük coşqu ilə ifa etdilər.
Tamaşaçılar da onlara bu gözəl gecəni yaşadan ifaçılara möhtəşəm konsert proqramına görə alqışlarını, sevgilərini əsirgəmədilər.
Solistləri isə pianoda Əməkdar artist, pedaqoq İlahə xanım Sadıxzadə müşayiət edirdi.
Qeyd edək ki, Murtuza Məmmədov (Bülbül) 1897-ci ildə iyun ayının 22-də Şuşada anadan olmuşdur. O, bülbül kimi cəh-cəh vurduğu üçün hələ 8 yaşındaykən xalq ona Bülbül adını verir. Xalq xanəndəsindən görkəmli vokal ustasına kimi böyük yaradıcılıq yolu keçən Bülbül, Azərbaycan Dövlət Konservatoriyasında vokal üzrə təhsil alan ilk azərbaycanlı tələbə olub.
Bülbül 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmiş və 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppi Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirərək Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır.
1932-ci ildə məhz onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılmışdır. Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənması ilə məşğul olmuşdu. Eyni zamanda, Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranmışdı. Artıq 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır. Sənətkarın təşkilatçılığı və təşəbbüsü ilə 500 adda Azərbaycan xalq mahnısı toplanmış və bu günümüzədək gəlib çıxmışdır.
1937-ci ildə Moskvada Bülbülün təklifi ilə Ümumittifaq vokal konfransı keçirilib. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış etmişdir.
Bülbül aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin və 1938–1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin də müəllifi olub. Azərbaycanda not nəşriyyatının təşkilatçısı da, istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçirilməsinin təşəbbüskarı da Bülbül olmuşdur.
Bülbül, nəinki klassik Azərbaycan operalarının ilk ifaçısı, eyni zamanda bu operaların yaranmasının təşəbbüskarı və birbaşa iştirakçısı olmuşdur. Onun yaratdığı Kərəm, Aşıq Qərib, Əliyar, Koroğlu, Fərhad, Aslan kimi obrazlar əbədiyaşar və əvəzsizdir.
Bülbül Azərbaycan milli vokal məktəbinin kökü-bünövrəsidir!
Sənətkarın həyatı ilə bağlı diqqət çəkən məqamlardan biri isə sonuncu konsertini doğma vətənində – Şuşada təşkil etməsidir. Bu, Şuşa ilə vida konserti oldu… Həmin konsert 1961-ci ilin iyul ayında Şuşa real məktəbinin zalında keçirilib. Konsertdən cəmi iki ay sonra böyük və əvəzolunmaz sənətkar 26 sentyabr tarixində – 64 yaşında Bakıda vəfat etmişdir. Məzarı Birinci Fəxri Xiyabandadır.
Xatırladaq ki, bəstəkar, sevilən müğənni, Azərbaycanın SSR xalq artisti, eyni zamanda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu dahi sənətkar Bülbülün oğludur.
Sabah – 22 iyun tarixində Bülbülün anadan olmasının 128-ci ildönümüdür.
Y.Məmmədli