Yaxud, Bakı şəhər 1 saylı Uşaq Stomatoloji Poliklinikasının baş həkimi Mehriban Süleymanova həm də «AZON» MMC-nin baş direktoru vəzifəsini necə daşıya bilir?
Gəlirik mətləbə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, bir işçinin eyni vaxtda iki tam ştatda (hər ikisində rəsmi 1.0 ştat vahidi ilə) işləməsi qanunla mümkün deyil, qadağandır. Qanunvericilik işçiyə ikinci iş yerində yalnız əvəzçilik qaydasında (maksimum 0.5 ştat) çalışmaq icazəsi verir. Məsələnin hüquqi tərəfləri və əsas səbəbləri bunlardır:
İş Vaxtının Norması və Məhdudiyyətlər
Əsas iş yeri: Əmək Məcəlləsinin 89-cu maddəsinə görə, normal gündəlik iş vaxtı 8 saatdan, həftəlik iş vaxtı isə 40 saatdan artıq ola bilməz. Bu, rəsmi olaraq 1 tam ştat (1.0) hesab olunur.
Əvəzçilik üzrə iş yeri (İkinci iş):
Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, işçi əsas iş yerindən əlavə başqa bir işəgötürənlə də əmək müqaviləsi bağlaya bilər. Lakin əvəzçilik üzrə iş vaxtının müddəti qanunla məhdudlaşdırılır və həftəlik iş vaxtı normasının yarısından (yəni 20 saatdan) çox ola bilməz. Bu isə maksimum 0.5 ştat deməkdir.
***
Bəli, bunları ilkin izahat vermək, problemə hüquqi aydınlıq gətirilməsi üçün təqdim etdik.
Beləliklə, Bakı şəhər 1 saylı Uşaq Stomatoloji Poliklinikasından «Təzadlar»a daxil olan şikayət məktubu, əslində, səhiyyə naziri cənab Anar Bayramova ünvanlıdır. Məktubda digər məqamlar da qeyd edildiyindən araşdırma və dəqiqləşdirmə aparılması səbəbindən sonra ətraflı bəhs ediləcək. Lakin bu dəfə qısa sitatla mətləbi anlatmağa çalışacağıq. Şikayət məktubunda yazılır: «Çox hörmətli cənab nazir! Bildiririk ki, Mehriban Süleymanova poliklinikamıza bu ilin iyun ayında yeni baş həkim göndərilib. Əvvəllər isə 5 saylı Uşaq Stomatoloji Poliklinkasında baş həkimin müavini işləmişdir. Oradakı qalmaqalları barədə yazıb vaxtınızı almaq istəmirik… Amma…».
Məktubda ən vacib bir məqama toxunulur: «Cənab nazir, diqqətinizə çatdırırıq ki, Mehriban Süleymanova 1 saylı Uşaq Stomatoloji Poliklinikasında baş həkim işləməkdən əlavə, həm də «OZON» MMC-nin baş direktorudur. Bu şirkət isə xaricdən dava-dərman gətirmək fəaliyyəti ilə məşğuldur. Bizi düşündürən budur ki, Azərbaycan Əmək Qanunvericiliyi məgər iki tam ştatda çalışmağa imkan verir? İkincisi, poliklinika ciddi strateji səhiyyə müəssisəsidir, uşaqlarımızın sağlamlığının keşiyində dayanır. Elə isə, Mehriban Süleymanova əmək qanunvericiliyini pozaraq başqa bir stimullaşdırıcı-cəlbedici fəaliyyətlə də məşğuldursa, burdakı idarəçiliyini həyata keçirməyə necə vaxt tapa bilir? Axı tam ştatda 8 saatlıq iş rejiminə icazə verilir… Odur ki, nazirliyin aidiyyəti qurumlarına göstəriş verməyinizi və baş həkimin iki tam ştat vahidi ilə vəzifə tutmasının qanunvericiliyə uyğunluğunun mümkünlüyünə aydınlıq gətirilməsini Sizdən xahiş edirik».
-Bəs «OZON» MMC hansı fəaliyyətlə məşğuldur?
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu






