Bu gün 15 sentyabr Bakının erməni-rus işğalından azadedilən gündür!
Bir gün əməkdaşımız Bakıdakı Hərbi Akademiyadan yazı hazırlayarkən oradakı türk hərbçiləri ilə də görüşür və söhbət “Təzadlar” qəzetinin redaksiya heyətindən düşür… Türkiyəli hərbçilər növbəti gün redaksiyaya gəlməli oldular. Məsələ ondadır ki, bir neçə gün əvvəl qəzetdə doktor Bəxtiyar Azərbaycani adlı qocaman vətənsevərlə (Göyçaydan idi, Bakının işğaldan azad edilməsi zamanı Nuru Paşanın silahdaşı olmuşdu) müsahibə çap olunmuşdu, onlar qəzeti Türkiyə Səfirliyinə aparmaq üçün gəlmişdilər… Türkiyəli hərbçilər redaksiyanın iş otağına daxil olanda Atatürkün böyük portretini və Bəxtiyar müəllimin divardakı şəklini gördülər. Çox sevindilər, dedilər ki, Bəxtiyar müəllimlə bizi görüşdürə bilərsiz? Dedim, bəli… Telefonu götürüb Bəxtiyar müəllimi yığdım, dedim, sizinlə türk paşaları danışmaq istəyir… Bəxtiyar müəllim çox kövrəldi, polkovniklər bir- birinə baxdılar, “Doğrudanmı biz ustad Bəxtiyarla danışacağıq?”- deyib üçü də hörmət əlaməti olaraq ayağa qalxdılar. Dəstəyi verdim, danışdılar, göz yaşlarını saxlaya bilmədilər. Bəxtiyar müəllim də ağlayırdı… Sonra dəstəyi mənə verdilər, Bəxtiyar müəllim dedi ki, onları sabah bizə gətir. Dedim, baş üstə… Səhəri gün əməkdaşımız Elçin Məmmədli ilə getdik Bəxtiyar müəllimgilə… İnanın, türk paşaları gözlərinə inana bilmirdilər ki, Bəxtiyar müəllimlə görüşürlər… Hamı kövrəlmişdi… Həmin görüşün videokadrları youtube kanalımızda var(tezadlartv93). Əvvəlki kanalı şikayət əsasında bloklayıblar deyə, yeni kanala yükləmişik…
Bu gün Bakının işğaldan azad edilməsi tarixində bu foto ilə bağlı xatirə, məncə, yerinə düşür…
Asif MƏRZİLİ







