Beynəlxalq Miqrasiya Təşkilatının (BMQT) sözçüsü Kennedi Okoth Omondi bildirib ki, davam edən münaqişə səbəbindən Yəməndə son vaxtlar 134 min nəfər məcburi köçkün düşüb.
Tezadlar.az xəbər verir ki, Omondi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) sözçüsü Eujin Byun bu sözləri BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında bildiriblər.
Anadolu Agentliyinin müxbirinin Yəməndə davam edən münaqişə səbəbindən məcburi köçkün düşənlərlə bağlı sualına cavab olaraq Omondi deyib: “22 sentyabr tarixinə olan məlumata görə, Yəməndə 134.000 məcburi köçkün var. Biz bildirdik ki, məcburi köçkünlərin ən çox cəmləşdiyi bölgə Taizdir. Taizdə təxminən 75.000 məcburi köçkün var.”
Omondi əlavə edib ki, Taizdə qeydə alınan bu rəqəm məcburi köçkünlərin 56 faizini təşkil edir.
Cibuti tərəfindən qəbul edilən qaçqınların ümumi sayı 40.000-ə çatıb.
BMT QAK-ın sözçüsü Byun bildirib ki, münaqişələrin davam etdiyi Yəməndən Cibutiyə gələn 3700-dən çox qaçqın müəyyən edilib.
Byun qeyd edib ki, Cibuti əhalisi cəmi 1,2 milyon olan çox kiçik bir ölkədir və əlavə edib: “Cibuti əvvəllər 36.000 qaçqını qəbul edib, onlardan 4000-i yəmənli olub. Buna görə də, təxminən 4000 nəfərin əlavə edilməsi yəmənli qaçqınların sayını ikiqat artırıb. Bu, Cibutinin qəbul etdiyi qaçqınların ümumi sayını 40.000-ə çatdırıb”.
Yəməndə hökumət qüvvələri ilə İranın dəstəklədiyi husilər arasında iyul ayında şiddətlənən münaqişə son zamanlar daha da artıb və husilər vaxtaşırı Səudiyyə Ərəbistanına ballistik raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirir və iddia edirlər ki, onlar Səudiyyə Ərəbistanına hücum edir.
ELBAR







