Əsas məzmuna keç

Bölgəmizin yadellilərin təhriki ilə xaosa sürüklənməsinə imkan verməyək

…ABŞ-ın vitse-prezidenti C.D. Vensin son açıqlamaları və İrana qarşı həyata keçirilən “maksimum təzyiq” siyasəti çərçivəsində Azərbaycan Respublikasının adını açıq şəkildə hallandırması bir daha aydın şəkildə göstərir ki, özünü qlobal fövqəldövlət kimi təqdim edən bu rejim İran xalqının iradəsini qırmaq istiqamətində uğursuzluğa düçar olub. Məhz buna görə də hazırda əvvəlkindən daha çox İranla onun qonşuları arasında parçalanma və ixtilaf yaratmağa çalışır. Halbuki son aylarda sionist rejimi və bəzi Qərb mediası tərəfindən də buna bənzər addımların və açıqlamaların şahidi olmuşuq.
Görünür, belə parçalanma siyasətini hazırlayanlar mühüm bir tarixi həqiqəti unudurlar: İran və Azərbaycan Respublikasının siyasi sərhədlərinin hər iki tərəfində yaşayan xalqlar arasında əsrlər boyu – daha dəqiq desək, ABŞ-nin yaranma tarixindən qat-qat artıq – sıx sivilizasiya, mədəniyyət, din, dil və hətta ailə bağları mövcuddur. Belə olan halda sual yaranır: ABŞ və sionist rejimi İranla Azərbaycan Respublikası arasında münasibətlərdə gərginlik yaratmaqda nə üçün bu qədər maraqlıdır?
Cavab aydındır. ABŞ və sionist rejimi son illər ərzində müxtəlif vasitələrdən istifadə etməklə İran xalqına qarşı zalımca sanksiyalar tətbiq edib, siyasi və diplomatik təzyiqlər göstərib. Son bir il ərzində isə ən müasir və qabaqcıl hərbi silahlardan istifadə etməklə İranın mülki əhalisini hədəfə alıb, ölkənin iqtisadi infrastrukturuna zərər vurub. Lakin Uca Allahın lütfü ilə onlar başıuca İran xalqını məğlub edə bilməyiblər. Məhz buna görə də indi düşünürlər ki, İrana qarşı təzyiqləri daha da artırmaq, əlavə iqtisadi sanksiyalar tətbiq etmək, eləcə də İranla onun şimal qonşusu arasında ixtilaf və gərginlik yaratmaq yolu ilə öz məkrli məqsədlərinə nail ola bilərlər.
Şübhəsiz ki, onlar mühüm bir tarixi həqiqəti nəzərə almırlar: xalqları dərin sivilizasiya telləri ilə bağlı olan, ortaq şairləri, musiqisi, sözləri, din və məzhəbi, ortaq tarixi xatirələri olan və dünyada bənzəri olmayan qədim Novruz bayramını ən gözəl şəkildə qeyd edən iki ölkə minlərlə kilometr uzaqlıqdakı yad bir qüvvənin təhriki ilə necə bir-birinin qarşısında dayana bilər?
Bu bölgənin tarixini dərindən bilən hər kəs bilir ki, region xalqları arasındakı münasibətləri bəzi qərb siyasi dərsliklərində yazılmış standart meyarlarla qiymətləndirmək qeyri-mümkündür. Məhz elə buna görə də heç bir kənar qüvvə bir neçə əsassız cümlə, iddia və ya xəbər uydurması ilə iki millət arasında divar çəkə bilməz. Düşmənin iki xalq arasındakı qardaşlıq münasibətlərini məhv etməsinə imkan vermək olmaz.
Nəticə etibarilə, bölgənin xalqları və rəsmiləri, xüsusilə də İran və Azərbaycan Respublikası elə yüksək ayıq-sayıqlıq nümayiş etdirməlidirlər ki, düşmənlər tərəfindən səsləndirilən hər hansı fikir onların arasında dostluq münasibətlərinin pozulmasına, əsassız anlaşılmazlıqlara və bədbinliyə yol açmasın.
Bu gün, hər zamankından daha çox, belə bir sual verməliyik: İranla Azərbaycan Respublikası arasında fikir ayrılığından kim faydalanır?
Cavab birmənalıdır. Qonşular arasındakı düşmənçilikdən yalnız bu regiondan minlərlə kilometr uzaqda oturan və bölgə xalqlarının təhlükəsizliyini, sabitliyini və qarşılıqlı dostluğunu öz maraqları ilə ziddiyyətli görənlər faydalanacaqlar.
ABŞ və digər müdaxiləçi güclər natamam məlumatlar yaymaqla, təhrikedici bəyanatlar səsləndirməklə və şübhə mühiti formalaşdırmaqla İran və Azərbaycanı üz-üzə qoymağa, siyasi gərginlik yaratmaqla onları qarşıdurmaya sürükləməyə nə qədər çalışsalar da, yaxşı bilməlidirlər ki, iki qonşu, dost və qardaş ölkənin əsrlər boyu formalaşmış köklü ortaq dəyərlərini və sarsılmaz bağlarını heç vaxt bir gecədə məhv edə bilməzlər.
Buna görə də İran və Azərbaycan Respublikası yadelli müdaxiləçilərin fitnəkar bəyanatlarının təsirinə qətiyyən düşmədən, vaxtında və prinsipial reaksiya verməklə bölgədə hər hansı gərginlik və böhranın yaranmasının qarşısını almaq üçün kifayət qədər dərin mədəni, siyasi potensiala və tarixi rasionallığa malikdirlər.

Əlirza Cəbbari,
İran İslam Respublikası Səfirliyinin müavini 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…