Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Polşa və Rumıniyada PUA insidentləri ilə bağlı Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Böyük Britaniya Polşa, Rumıniya, Ukrayna və NATO-dakı müttəfiqlərimizlə tam həmrəyliyini ifadə edir və bu məsuliyyətsiz hərəkətləri birmənalı şəkildə pisləyir”, – Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Departament qeyd edib ki, alyans Rusiyanın hərəkətlərinə ciddi yanaşır. “NATO üzrə müttəfiqlərimizlə birlikdə biz şərq cinahda ən son texnologiyadan, o cümlədən pilotsuz təyyarələri aşkar etmək və məhv etmək qabiliyyətindən istifadə etməklə müdafiəmizi gücləndiririk”, – Britaniya Xarici İşlər Nazirliyi əlavə edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri İvano-Frankivsk, Xmelnitski, Jitomir vilayətlərində, həmçinin Vinnitsa və Lvovda Ukraynanın müdafiə sənayesi müəssisələrinə zərbələr endirib. Polşa ərazisində məhv edilməsi planlaşdırılan heç bir hədəf yox idi. Polşa ilə sərhədi keçdiyi iddia edilən PUA-ların uçuş məsafəsi 700 km-dən çox deyil. Rusiya Müdafiə Nazirliyi “bu mövzuda” Polşa tərəfi ilə məsləhətləşmələrə hazır olduqlarını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl Polşanın Rusiya pilotsuz təyyarələrinin hücumu ilə bağlı heç bir sübuta malik olmadığına əminliyini ifadə edərək, Polşanın hərəkətlərini ölkənin “rusofobiyanı ayaqda saxlamağa ehtiyacı olması” ilə izah edib.
E.ŞİRİNOV

