…Rusiya imperiyasının dövlət məmurları tərəfindən tərtib edilən və Azərbaycanın, Gürcüstanın, Ermənistanın, Rusiyanın Dövlət Tarix Arxivlərində saxlanan və “kameral təsvir” deyilən rəsmi sənədlər əsasında Azərbaycanın dövlət xadimlərinin. saz-söz xadimlərinin doğum tarixlərini və ömür yolunu düzgün işıqlandıran ilk kitabımın nəşrindən artıq 9 il ötür. İlk kitabım – “Haqq-nahaqq seçilər Haqq divanında” 2017-ci ildə nəşr ediləndə xeyli qalmaqal da yaşadım, sonra sular duruldu, daşlar yerinə oturdu, məndən müxtəlif instansiyalara, o cümlədən DTX-ya yazılan donoslar zibil yeşiklərinə atıldı.
Cəmiyyət yavaş-yavaş yazdıqalrımın doğru olduğuna əmin olub onu qəbul etdi. Hətta öz soyuna biganə qalmayan yüzlərlə, minlərlə adam mənim kitablarımdan istifadə edib öz şəcərələrini üzə çıxartdılar, indi də mənə onlarla adam müraciət edir və vaxtımı almalarına baxmayaraq öz təmənnasız köməyimi heç kimdən əsirgəmirəm. Adlı-sanlı ziyalılar mənimlə görüşəndə “bir institutun işini görmüsən”,-deyirlər. Bunların hamısı çox yaxşı. Amma məsələnin yaxşı olmayan tərəfi odur ki, yazı-pozuda “köhnə hamam, köhnə tas” davam edir. Nəinki məqalə və kitablarında, hətta sosial şəbəkədəki qeyri-rəsmi və qeyri ciddi yazılarında da köhnə tarixləri təkrar edirlər.
Bu köhnə doğum rəqəmləri olduqca savadsız folklorşünaslar tərəfindən heç bir dəlilə, sübuta və sənədə əsaslanmadan yazılıb, mənim təqdim etdiklərim rəsmi dövlət sənədləridir. Onları necə görməzdən gəlmək olar? Məsələn, çar Rusiyası dövründə verilmiş doğum kağızını, diplomu, mülkiyyət kağızını inkar etmək kiminsə ağlına gəlirmi? Kameral təsvirlər də bu cür dövlət sənədləridir.
“Bir institun işini görmüsən” deyib bəh-bəhlə üzümə məni tərifləyənlərin də köhnə rəqəmlərdən istifadə etdiyini görəndə rəncidə oluram. Çünki ya onların mənə dedikləri, ya da yazdıqları saxtadır. Mənimlə razılaşmırsansa, bunu kişi kimi de və mənim dediklərimi başqa bir sənədin vasitəsilə təkzib elə! 9 ildir ki, məni təkzib etməyə cəhd edən olmayıb, çünki bunun perspektivsizliyini başa düşürlər.
Bunun adı nədir?
BUNUN ADI RİYAKARLIQDIR!
Nazir Əhmədli,
Araşdırmaçı






