Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Dekabr 2025 / 10:55

Bu gün həm də onun günüdür…

18 dekabr Əməkdar artist Yadigar Muradovun doğum günüdür.
Tezadlar.az-dan xatırlatma: Yadigar Məmməd oğlu Muradov 1958-ci il dekabrın 18-də Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi bitirdikdən sonra 1976- 1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “ Dram və kino aktyoru” fakultəsində təhsil almışdır. 1980 – cı ildə Ağdam Dövlət Dram teatrında əmək fəaliyyətinə başlamış,1983-1990-cı illərdə Şuşa Mədəni Maarif məktəbində müəllim işləmişdir.1990-cı ildə Şuşa Dövlət Musiqili Dram teatrına direktor vəzifəsinə təyin edilmiş və vəfat edənə kimi bu vəzifəni ləyaqətlə icra etmişdir. 1991-ci ilin noyabr ayından 1992-ciil may ayının 8 -nə kimi Şuşa və ətraf kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Həyatını Azərbaycan teatrının ayrılmaz bir hissəsi olan Şuşa teatrının Dövlət statusu alaraq yaşamasına və inkişafına həsr edən Yadigar Muradov, teatrın istər Şuşada, istərsə də Bakıda fəaliyyət göstərdiyi illərdə bu teatrın fəaliyyətinin davam etməsində misilsiz xidmətləri olmuşdur.
Yadigar Muradov teatr səhnəsinə qədəm qoyduğu ilk gündən, yaratdığı obrazlarla, teatrsevərlərin qəlbinə yol tapa bilmişdi. O yaradıcılıq potensialını televiziya və kino sahəsində də uğurla davam etdirmişdir. Yadigar Muradovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətləri layiqincə qiymətləndirilmiş, 2000-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına, 2010–cu və 2025-ci illərdə Prezident mükafatına layiq görülmüşdür. 2018–ci ildə isə 60 illik yubileyində “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Sənətə aktyor kimi başlayan Y.Muradov rejissor və müğənni kimi də fəaliyyət göstərmişdir.
Quruluşçu rejissoru olduğu Ü.Hacıbəylinin “Arşın mal alan”, S.Ələsgərov və Ş. Qurbanovun “Özümüz bilərik”, S.Qənizadənin “Ayının min bir oyunu”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, A. Əliyevin “Cəhənnəmə gedən yol”, X.Əliyevin “İki əsgər” tamaşaları uğurlu olmuşdur. İstedadlı aktyorun teatr səhnəsində canlandırdığı obrazlar həmişə özünün fərqli emosional təqimatı ilə səciyyələnmişdir. Müxtəlif janrlarda hazırlanmış tamaşalarda, Əsgər (Üzeyir Hacıbəyli “Arşın mal alan”), Zəfər (Süleyman Ələsgərov və Şıxəli Qurbanov “Özümüz bilərik”), Cəsarət (Vasif Adıgözəlov və Əliağa Kürçaylı “Nənəmin şahlıq quşu”), Aşıq Murad (Səid Rüstəmov və Süleyman Rüstəm “Durna”), Oyunağası (Üzeyir Hacıbəyli “Əyri oturaq düz danışaq”), Vəli Əfəndi (Nazim Hikmət “Bayramın birinci günü”), Müğənni (Hüseynbala Mirələmov “Güllələnmiş heykəllərin fəryadı”), Aşıq Vəli (Nəcəf bəy Vəzirov “Yağışdan çıxdıq, yağmura düşdük”) kimi yaddaqalan obrazlar yaratmışdır.
Bütün ömrünü Şuşa Dövlət Musiqili Dram Teatrının yaşamasına həsr etmiş, teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının Əməkdar artisti Yadigar Muradov 2025-ci ilin noyabr ayının 18-də ömrünün 67 -ci ilində vəfat etmişdir.
Tanınmış sənətkar, qayğıkeş və səmimi insan Yadigar Məmməd oğlu Muradovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Yeri və rolu həmişə görünəcək…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!