…Əlbəttə, mən onu yaxından bələd olanlar qədər tanıya bilmərəm. Nə onunla yol yoldaşı olmuşam, nə də iş yoldaşı. Heç aramızda duz çörək də olmayıb. Amma bilirəm ki, sözünü deməyi bacaran kişilərdəndir. Öz xarizması, əqidəsi, öz yolu var…
1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra, Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb. 1979–1981-ci illərdə “Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. 1981-1987-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü olub. 1987-1992-ci illərdə “Debüt” studiyasının baş redaktoru, 1993-1996-cı illərdə “Azərkinovideo” İstehsalat birliyinin baş redaktoru, 1999-cu ildə isə ABA televiziya şirkətinin baş redaktoru vəzifəsində işləyib…
Onun “Üçatılan”, “Tilsimli dairə”, “Təpəgöz” (Rolşa Respublikasında, “Mürşüd kişi niyə susur?”, “İstək” və s. dram əsərləri isə Azərbaycan teatrlarında tamaşaya qoyulub. 1985-ci ildə “Ağ yuxu” hekayələr toplusu), 1998-ci ildə “Kölgəsiz adam” hekayə və povestlər və 1999-cu ildə “Rasim Balayev” kitabları nəşr olunub. 31-dən çox bədii, sənədli və qısametrajlı filmin yaradıcılarından biridir…
Nə isə, indi nə olsun ki, Milli Məclisə bir neçə dəfə namizədliyini irəli sürüb və Ramiz Mehdiyevin müdaxiləsilə səs həddini keçə bilməyib. Nə olsun ki, Milli Şurada qısa müddət təmsil olunub? İndi nə edək? Onun Azərbaycan kinosuna verdiyi töhfələri, yaratdığı ssenariləri, bənzərsiz yaradıcılığını, xidmətlərini tarixdən silək? Bu düzgün olarmı? Bu heç Allahdandımı? Əlbəttə yox!..
Bəs onda nə etməliyik? Bir neçə aydan sonra Eldəniz Quliyevin 75 yaşı tamam olur. Bəlkə bu barədə Dövlət Babaya nəyisə xatırlatmaq lazımdır? Bəlkə dostlarını hərəkətə gətirib, bu barədə düşünməyə çağırmaq lazımdır? Bilmirəm, amma xalqımızın belə bir gözəl deyimi var: “İgidin başını kəs, haqqını yemə…
Elman Eldaroğlu







