Vəkil Aslan İsmayılov Azərbaycan Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimova şikayət edib. Vəkil şikayətində yazır:
“Tərəfimdən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyevin qanunsuz hərəkətləri ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq 27 fevral 2026-cı il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hakimlər toxunulmazdır və qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Məhkəmə-Hüquq Şurasına hər hansı təqdimat daxil olmamışdır.
Bildirirəm ki, Konstitusiyamızın hakimlərin toxunulmazlığı ilə bağlı müddəaları mənə məlumdur və bu məsələnin cinayət-prosessual qaydada həll olunmasının Baş Prokurorluğun təqdimatı ilə mümkün olduğunu anlayıram. Lakin müraciətimdə göstərilən hallar yalnız cinayət məsuliyyəti məsələsi ilə məhdudlaşmır və eyni zamanda hakim etikası, vəzifə səlahiyyətlərindən sui-istifadə və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən davranışlarla bağlı olduqca ciddi faktları ehtiva edir.
Belə ki, 02 oktyabr 2017-ci il tarixdə həmin vaxt Binəqədi Rayon Məhkəməsində hakim vəzifəsində çalışan Rəşad Əliyev tərəfindən kimlərinsə sifarişi ilə mənim barəmdə əsassız və həqiqətə uyğun olmayan məlumatlar təqdim edilmiş, məhkəmənin əməkdaşları ilə birlikdə şər və böhtan xarakterli akt tərtib olunaraq cinayət məsuliyyətinə cəlb edilməyim üçün hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Məhz həmin müraciət əsasında barəmdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmış və uzun müddət davam edən istintaq və məhkəmə araşdırmaları aparılmışdır.
Qeyd edilən ittihamlar əsasında mən Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə islah işləri və 1.500 manat məbləğində cərimə cəzalarına məhkum edilmişəm. Sonradan verilən şikayətlər üzrə cinayət işinə apellyasiya və kassasiya instansiyalarında baxılmış, nəhayət, Ali Məhkəmənin 18 mart 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 03.10.2019-cu il tarixli qərarı ləğv edilmiş və əməlimdə cinayət tərkibinin olmadığına görə cinayət təqibinə xitam verilmişdir.
Ali Məhkəmənin bu qərarı faktiki olaraq barəmdə irəli sürülmüş ittihamların əsassız olduğunu və cinayət işinin başlanmasına əsas olmuş məlumatların etibarlı sübutlarla təsdiq edilmədiyini ortaya qoymuşdur. Bu isə öz növbəsində həmin cinayət təqibinin başlanmasına səbəb olmuş məlumat və izahatların obyektivliyinə ciddi şübhələr yaradır.
Cinayət işinin materialları ilə tanışlıq zamanı aydın görünür ki, mənim əleyhimə irəli sürülmüş ittiham hakim Rəşad Əliyevin və digər şəxslərin izahatlarına əsaslanmış və həmin iddiaları təsdiq edən hər hansı obyektiv sübutlar mövcud olmamışdır. Hətta istintaq gedişində əleyhimə ifadə vermiş bəzi şəxslərin hadisə zamanı ümumiyyətlə məhkəmədə olmadığı da müəyyən edilmişdir.
Hesab edirəm ki, hakim Rəşad Əliyevin bu hərəkətləri ən azı hakim adına yaraşmayan davranış kimi qiymətləndirilməli, onun tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsinin və vətəndaşın əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması üçün şərait yaradılmasının səbəbləri ciddi araşdırılmalıdır.
Xüsusilə nəzərə alınmalıdır ki, bu hadisələr nəticəsində mən uzun müddət əsassız cinayət təqibinə və məhkəmələrdə müdafiə olunmağa məcbur qalmışam və peşə fəaliyyətimə, şəxsi nüfuzuma və hüquqlarıma ciddi zərər dəymişdir. Mənə vurulmuş mənəvi ziyan isə ölçülməzdir.
Bütün bunlara baxmayaraq, həmin hadisələrin bilavasitə təşkilatçısı və iştirakçısı olmuş Rəşad Əliyev hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri kimi məsul vəzifə tutur. Hesab edirəm ki, belə halların mövcudluğu məhkəmə hakimiyyətinə olan ictimai etimada mənfi təsir göstərir və bu cür şəxsin yüksək məhkəmə vəzifəsində fəaliyyətini davam etdirməsi yolverilməzdir. Bu cür mənəvi keyfiyyətlərə sahib olan şəxsin hakim kürsüsündə əyləşməsi ədalət adına utancdır.
Qeyd olunanlara əsasən hesab edirəm ki, məsələ yalnız cinayət məsuliyyəti aspektindən deyil, eyni zamanda hakim etikası, hakim davranışı və məhkəmə hakimiyyətinin nüfuzunun qorunması baxımından da Məhkəmə-Hüquq Şurası tərəfindən araşdırılmalıdır. Əminəm ki, cinayət işinə ötəri baxan hər kəs R. Əliyevin saxtakar olmasını açıq-aydın görəcək.
Qeyd olunanları nəzərə alaraq Sizdən
XAHİŞ EDİRƏM:
1. Hakim Rəşad Şəmşir oğlu Əliyevin hərəkətləri ilə bağlı göstərilən halların Məhkəmə-Hüquq Şurası tərəfindən hərtərəfli araşdırılmasını;
2. Onun fəaliyyətinin hakim etikası və vəzifə davranışı qaydaları baxımından hüquqi qiymətləndirilməsini;
3. Araşdırmanın nəticəsindən asılı olaraq hakim Rəşad Əliyev barəsində intizam tədbirlərinin görülməsi və tutduğu vəzifədən kənarlaşdırılması məsələsinə baxılmasını təmin edəsiniz.
Hörmətlə,
Vəkil Aslan İsmayılov”.