Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət əhalinin təbii artımını həmişə ciddi nəzarətdə saxlamalıdır… Amna bəzən bu dövlətdən də asılı olmur, lakin dövlət də ondan asılı olanları etməlidir… Qonşumuz Gürcüstanda isə vəziyyət həyəcanlıdır. Tezadlar.az ölkə mediasına istinadla bildirir ki, Gürcüstanda demoqrafik vəziyyət ciddi çağırış olaraq qalır. Bu barədə Parlamentin plenar iclasında çıxış edən Baş nazir İrakli Kobaxidze bildirib ki, doğum göstəriciləri baxımından tendensiya çox ağırdır. Baş nazirin sözlərinə görə, ölkədə doğum göstəricisi ölüm göstəricisindən aşağıdır və nikah-boşanma nisbəti də pisləşməkdə davam edir. O, mövcud vəziyyəti “ən mühüm çağırışlardan biri” kimi qiymətləndirib. Kobaxidze vurğulayıb ki, doğum səviyyəsinin azalmasının sosial səbəbi yoxdur. Onun fikrincə, beynəlxalq təcrübə göstərir ki, ölkənin rifah səviyyəsi artdıqca demoqrafik tendensiyalar ağırlaşır. Baş nazir qeyd edib ki, iqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunsa da, bu, avtomatik olaraq doğum səviyyəsinin artmasına səbəb olmur. Onun sözlərinə görə, iqtisadi cəhətdən daha az inkişaf etmiş ölkələrdə demoqrafik göstəricilər daha yaxşıdır. Əhali artımının ən yüksək olduğu qitələr Afrika və Asiyadır, ən ağır statistika isə Avropada qeydə alınır. Avropa yeganə qitədir ki, burada əhali hər il azalır. Baş nazir əlavə edib ki, 2014-cü ildən etibarən üçüncü və dördüncü uşaqların doğum göstəricisi artıb və sabit yüksək səviyyədə qalır. Lakin birinci və ikinci uşaqlar üzrə göstəricilər kəskin şəkildə azalıb. Onun sözlərinə görə, bu, cəmiyyətdə ciddi dünyagörüşü probleminin mövcudluğunu göstərir. Kobaxidze konkret rəqəmləri də açıqlayıb. O bildirib ki, 2014-cü ildə Gürcüstanda birinci uşaq üzrə 26 355 doğum qeydə alındığı halda, 2024-cü ildə bu rəqəm 14 156-ya düşüb. İkinci uşaq üzrə isə 2014-cü ildə 23 171 doğum qeydə alınıb, 2024-cü ildə isə 13 323. Baş nazir bu tendensiyanı “fəlakətli” adlandırıb. Onun sözlərinə görə, demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün konkret tədbirlərə ehtiyac var və yalnız iqtisadi artıma ümid etmək kifayət deyil. Kobaxidze həmçinin qeyd edib ki, cəmiyyətin dünyagörüşünün dəyişdirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi və ailə institutunun möhkəmləndirilməsi vacibdir.
Baş nazir əlavə edib ki, miqrasiya və “ərəbizasiya” ilə bağlı səsləndirilən iddialar statistik rəqəmlərlə təsdiqini tapmır və bu bəyanatlar əsassızdır. Onun sözlərinə görə, rəqəmlər real vəziyyəti aydın şəkildə göstərir.