Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 May 2025 / 15:11

Casus tələsi – III yazı

İyirminci yüzilliyin  səksəninci illərində modernist yazı üslubu ilə Azərbaycan ədəbiyyatına gələn, ədəbiyyatımızda yeni – siyasi detektiv janrın bünövrəsini qoyan, əsərlərinin mövzu dairəsi yanlız detektiv janrında yazılmış əsərlərlə məhdudlaşmayan, cəmiyyətin mənəvi və sosial problemlərini özündə etiva edən əsərləri ilə də ədəbiyyatımıza öz töhvəsini verən Çingiz Akif oğlu Abdullayev ədəbiyyatımıza bir meteorit kimi daxil oldu və şimşək kimi çaxaraq hər tərəfə parlaq işıq salmağa başladı.

Bu gün də bu parlaq işığın  ziyası uzaqlardan görünən üfüq şəfəqinə bənzəyir. Yaradıcılığa tələbəlik illərindən başlayan Ç.Abdullayev məqalə, oçerk və hekayələri dövri mətbuatda vaxtaşırı çap olunmuşdur. Ədəbiyyatımıza əsasən “Vals” (1981) və “Bir tikə çörək” hekayələri ilə daxil olan Ç.Abdullayev 1988-ci ildə “Mavi mələk” və daha sonra isə tirilogiya şəklində yazdığı “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” romanları ilə yaradıcıllıq yolunu qəti şəkildə müəyyənləşdirmişdir. Yazıçının “Qırmızı zəngin gizlədilməsi”, “Nyu-Yorkda sərgilər”, “Əbədi sükut”, “İblisin süqutu”, “Yeni cəngavər qadınların qəbiləsi” ( 2013), Bolqarıstanda (“Herodun kölgəsi” (1996) “Adında şər” (2005) və “Adında xəyanət”(2005)), “İsveçdə Qaranlıq simfoniyası”(2000), Ruminiyada (“Dranqo” (2004) və “Günəş altında qaranlıq” (2009)), Fransada (2012-2015) ( “İdeal hədəf”, “Bütlərin yükü” və “Öldürməyə öyrədilmiş”), Latviyada (“Bütlərin yükü” (2015), “Tənha ürəklərin evi” (2015), “Tərsinə çevirilmiş reallıq (2016), “Qurban sindromu” (2006), “Alliqator xətti” (2017) və “Həvəskarların arzusu” (2017)), Bosniya və Herseqovinada “Avropanın  əlehidarları” (2015), Polşada “Transilvaniyaya səyahət” (2016), Serbiyada “İngilis bulvarı” (2019), Albaniyada “Oliqarxın varisi” (2006), Ukraynada “Əfsanə hüququ” (2010) və sair romanları, o cümlədən Estoniyada dörd (“Mənim gözəl alibim” (2008), “Kabuslar tuneli” (2008), “Demək olar ki, inanılmaz qətil” (2010) və “Öz dünyanı yarat” (2010)) və Latviyada iki (“Minillikdə bir dəfə” (2003) və “İcazə verilən səhv” (2003)) kitabları bundan əlavə, müxtəlif vaxtlarda toplu və jurnallarda da rumun, belarus, macar, alman və s. dillərdədə əsərləri nəşr edilmişdir. Ümumiyyətlə, ədibin 200-dən artıq kitabı işıq üzü görmüş və əsərləri 32 dünya dillərinə tərcümə edilmişdir.

Çingiz Abdullayevin 2025–ci ildə ilk işıq üzü görən romanı “Xəyanət sənin adındadır” adlanır. Bu adı müəllif əsərin ideyasına uyğun olaraq ingilislərin “Xəyanət sənin adındadır, qadın” deyimindən götürmüşdür. Roman epiqraf, giriş əvəzi, 22 fəsil, “Romeo Cülyettanı necə cəlb etmişdi” başlığı altında “Markus Volfla müsahibə” və nəticədən ibarətdir. Ədibin Amerika ədəbiyyatının satira və yumor ustası olan və ABŞ ədəbiyyatının inkişafının strategiyasını müəyyənləşdirən, macəra romanlar müəllifi Mark Tvenin “Əvvəlki təlimlərdən belə bir nəticəyə gələ bilərsiniz ki, kişi – səfehdir; indi sizə məlum olur ki, qadın – ondan da betərdir” fikirlərini roman üçün epiqraf seçmişdir. Bu da təbii ki, sərgilədiyi məqsədə uyğundur. Müəllif öncədən romanda bu və ya digər dərəcədə təsvir olunan insanlardan üzr istəyərək deyir: “Burada adı çəkilən şəxslərin əksəriyyətinin soyadları dəyişdirilmişdir. Əsərdə göstərilən faktların demək olar ki, hamısı həqiqətdir”. Bu fikirləri söyləməklə müəllif işlətdiyi sözlərə haqq qazandırır.

(Əvvəli 10.05.2025-ci il tarixdə)

On altıncı fəsil. Paul Sexlin

“Sinner ata”nın şöbəsinin göstərişi ilə Paul Sexlin Xarici İşlər Nazirliyinin aparıcı əməkdaşı, şöbə müdirinin müavini vəzifəsinə təyin edilmiş Rut Müllerlə tanış olur. Məqsəd isə Rut Müllerdən şöbəyə lazım olan məlumatları almaq idi. “Sinner ata”nın qurduğu plan əsasında Paul Rutla tanış olur və sonra onlar evlənir. Onların Anna adlı qızları, Martin və Diter adlı oğlanları olur. Rut bütün lazım olan məlumatları ərinə verir, o isə həmin məlumatları “Sinner ata”nın şöbəsinə ötürür. Rut və Paul arasında heç bir gizli sirr olmur. ADR kimi bir ölkə dağılsa da, bu, Paula heç bir təsir etmir.

On yeddinci fəsil. Marina Çernişeva

Otun arasında olan açar bildirirdi ki, Kohan oğurlanıb. Marina maşının yanından açarı tapıb maşının qapısını açdı və içəridə dayanacağa görə ödənilmiş pul qəbzini tapdı. Maşına minib dayanacağa getdi və öyrəndi ki, orada qalmış maşını biri gəlib aparıb. Marina gümüş rəngli “Folksvagen” olduğunu və maşının nömrəsini öyrəndi. Tez səfirliyin görüşdüyü şəxsinə zəng etdi. Ona maşın haqqında məlumat verdi. Marinanın təkidilə onunla bir saatdan sonra həmin yerdə yenidən görüşdülər. Qadın Marinaya bildirir ki, həmin maşın səfirliyin maşınıdır və səfirin oğlu maşınla gəzməyə çıxıb. Onlar Kohanı bir binanın yanına apardılar. Kohan bir səs eşitdi və səsi tanıdı. Bu Katserin səsi idi. Kohan ona dedi ki, sən həyatı çox sevirsən və belə tez ölə bilməzsən. Görünür, kanalda tapılan meyit sənin yox, bir başqasının imiş.

On səkkizinci fəsil. Alfred Kohan

Ulrix Katser əlində tapança Kohana tərəf gəldi və onu binanın içində boruya bağlatdırdı. Və ona dedi ki, sən üç milyon pulu bizə verməlisən. Kohanı möhkəm döydülər. Sonra Katser gedərkən dedi ki, sabah pulların çekinə qol çəkib iki milyonunu bizə verəcəksən. Katser gedəndən sonra Kohan Breme və Rota dedi ki, pullar Kölndə bankdadır: – Katser sizi aldadır. Pul bankdadır, tez qutunu gətirin, pulu sizə verim.

Breme qutunu gətirməyə getdi. Kohan Rota dedi ki, mənə su gətir. Su içərkən Rotun üzünə bir zərbə vurub yerə yıxdı və onu özünə tərəf çəkib açarları cibindən götürdü. Əlini açıb öz yerinə Rotu bağladı. Kohan maşına minib “Savoy” otelinə Marinanın yanına getdi. Marina isə Kohanın arxasınca onun saxlandığı  binaya gəldi.

On doqquzuncu fəsil. Marina Çernişeva

Taksi Marinanı uçuq bir binaya gətirdi. Marina içəri girəndə boruya bağlanmış bir kişi gördü. Elə bildi ki, Kohandır. Ancaq üzünə baxanda gördü ki, onları təqib edənlərdən biridir. Qabdan su götürüb onun üzünə  vurub ayıltdı. Bu, Rot idi. O, Marinaya dedi ki, Kohan qaçıb getdi. Bu zaman Breme içəri girdi və tapançasını Marinaya tərəf tuşladı. Sonra Marinaya dedi ki, soyun. Marina sakitcə soyundu və paltarları səliqə ilə yığdı. Breme belə qərara gəlmişdi ki, Marinaya təcavüz etsin. O, silahı aşağı salıb Marinaya tərəf gəldi. Marina onu vurub yerə sərdi və tapançasını götürüb üzünə vurdu. Paltarlarını geyinib “Savoy” otelinə Kohanın yanına getdi. Onlar otaqdan çıxıb Bonn Köln və Münhen istiqamətində getməyə başladılar. Kohan və Marina Quzğun ləqəbli Hayns Hayslerlə görüşmək istəyirdilər.  Haysler cavanlığında avar çəkmək üzrə dünya çempionu olmuşdur. İndi o, məşhur adam idi. Haysler “Mercedes” şirkətinin rəhbərinin qızı Angelika Bastianla evlənmişdi. Bunları da “Sinner ata”nın şöbəsi birləşdirmişdi.

İyirminci fəsil. Hayns Haysler

Markus Volf yeni agent axtarışı zamanı Onassis ailəsinin tərcümeyi-halı onu maraqlandırdı. Onun fikrincə, “Mercedes” firmasının varisi Angelika Bastianı Qərbi Almaniya kəşfiyyatına cəlb etmək lazımdır. “Sinner ata”nın şəxsi tapşırığı ilə Hayns Hayslerlə Angelika Bastianı birləşdirmək lazım idi. Hazırda Angelika Fransada Monte-Karloda istirahət edirdi. Angelika ilə Haysler Monte-Karloda tanış oldular. Onlar 1986-ci ildə evləndilər. Angelika BND-nin aparıcı əməkdaşlarından biri idi. Ər-arvad hər ikisi: Angelika və Haysler sonralar içki düşkünü və narkotikə qurşandılar. Onlar hər an kəşfiyyat yoldaşlarının onları axtaracaqlarını gözləyirdilər. Hayns Haysler sağalmaz xəstəliyə tutulmuşdu.

İyirmi birinci fəsil. Marina Çernişeva

Hayns Haysler təyin olunmuş vaxtda Kohanla görüşə gəldi. Görüş  “Culiana”  restoranında baş tutdu. Mariana kənardan onları izləyirdi. Danışıq zamanı Hayns necə sarsıntı keçirdiyini Kohan hiss etdi. O çox ümidsiz danışdı. Sonra xudahafizləşib getdi. Marina Kohanın yanına gəldi. Kohan işə salınmış skelleri Marinaya verdi. Onlar qalxıb getmək istəyəndə başlarının üstündən güllə atıldı. Kohan Marinanı cəld yerə yıxıb özünü ona sipər etdi ki, güllə ona dəyməsin. Onlar tez oradan uzaqlaşıb maşına tərəf getdilər. Maşının qapısın Kohanı açanda Marina onu maşına oturmağa qoymadı. Onları təqib edənlər maşının içində dəyişiklik etmişdilər. Kohan maşının altını yoxladı və gördü ki, maşının altına partlayıcı qurğu yerləşdirilib. Tez maşından uzaqlaşdılar. Marina Kohanı Klüppelbeqdə yeni görüşə göndərdi. Özü isə “Qrand otel Kontinental”a və oradan da “Almaniya” otelinə getdi. Marina orada Katser, Breme və Rotla rastlaşdı. Onlar Marina və Kohanı orada gözləyirdilər. Katser Marinaya dedi ki, qalx mənim otağıma. Breme və Rotu yuxarı apardılar. Otaqda Breme Marinaya dedi ki, indi soyun, səndən heyfimi çıxım. Güllə atıldı və Rota dəyib onu öldürdü. Növbəti güllə Bremenin ürəyindən dəydi və o da öldü. Onların hər ikisini Ronkal güllələdi. Marina Ronkala dedi ki, siz işinizi bitirdiniz.

İyirmi ikinci fəsil. Marina Çernişeva

General Markov haqlı idi. Marina Markovun göndərdiyi adamı “Qrand otel”də görəndə hər şeyi başa düşəcəkdi. Onların şöbəsində ən qorxulu və qəddar qatil olan Ronkal idi. O, milliyətcə kubalı idi. Marina Katserin ona inanmadığını bilirdi. Ona görə də Ronkal Katserin otağında onun köməkçilərini gözləyirdi. Marinaya təcavüz etmək istəyəndə hər ikisini güllələdi. Bir azdan sonra Kohan Marinanın yanına gəldi. Onun ardınca da Katser Marina olan otağa daxil oldu. Silahını Marinaya tuşlamış Katseri də Ronkal güllələdi. Ronkal istədi ki, Kohanı da güllələsin, ancaq Marina mane oldu.

Nəticə

General Markov Marinaya dedi ki, verilmiş tapşırığı əla icra etdi:

– Ancaq mənə qaranlıq qalan o oldu ki, niyə Qruneri (Kohanı) sağ buraxdın. Ronkala isə əmr etmişdim ki, sənin qərarına tabe olsun.

Marina general Markova onun zəhmətini yüksək dəyərləndirdiyi üçün təşəkkür etdi. General Markov dedi:

– Mən düşünürəm ki, biz istəyimizə nail ola bildik. Katser tapıldı və cəzalandı, Qruner (Kohan) isə ifşa edildi. Agentura şəbəkəsi yoxlanıldı və hər bir məsələyə aydınlıq gəldi.

Marina söylədi ki, bu işdən hamı razı olsa da, iki qadın razı qala bilməz. Onlardan biri ərini (Eloiza) itirib, ikincisi də (Angelika) ərini itirmək ərəfəsindədir, bu hallar bizim üçün ən acınacaqlı olaydı. Markov Marinaya dedi:

– Sən agentlər içərisində ən bacarıqlılarından birisən. Ancaq Zepp Heriklin, Hayns Hayslərin və Paul Sexlinin tərcümeyi–hallarında müəyyən detallara fikir verməmisən. Onların hər biri uşaq olarkən anadan yetim qalıblar və onlar ana məhəbbətinin nə olduğunu bilmirlər. Anasız böyüyən kişilərin qadınlara qarşı heç bir məhəbbəti ola bilməz. Onlar qadınlara qarşı hər bir zorakılığı edə bilərlər.

Marina General Markova dedi ki, hələ uzun illər öncə məni işə götürərkən söyləmişdin: “Qadın dünyanın ən alçaq və ən murdar məxluqdur”. Biləsən ki, mən də anasız böyümüşəm.

Markov Marinaya söylədi ki, artıq mən də baba olmuşam. Dünyada bundan xoşbəxt heç nə yoxdur. Marina başa düşdü ki, artıq general təqaüdə getməyi qərarlaşdırmışdır. Generalın bu sözlərindən sonra Marina öz oğlunu yadına saldı və düşündü ki, oğlunda analara və qadınlara qarşı böyük məhəbbət hissi yaratmalıdır.

***

Müasir detektiv janrın ən parlaq nümunələrindən biri olan “Xəyanət sənin adındadır” romanı öz mövzu və qayəsinə görə spesifik cəhətləri özündə əks etdirir. Müəllif romanda hadisələrin gedişini xüsusi ardıcıllıqla, tarixi faktlara söykənərək, özünün söylədiyi kimi, iştirak edən şəxslərin soyadlarını dəyişməklə canlandırmışdır. Bu da ədibin həyata yeni baxışı və hadisələrə yeni konteksdə yanaşma tərzi ilə bağlıdır. Ənənəvi roman janrının əvvəli epiloq və bədii müqəddəmə, sonluğu isə proloq və bədii sonluqla bitdiyi halda, Ç.Abdullayev romanın başlanğıcında “Giriş əvəzi” və sonunda isə “Nəticə”dən istifadə etmişdir. Bu da epik janrın quruluş sistemində yeni bir üsul kimi nəzərə çarpır. Belə seçimlə yazıçı əsəri daha oxunaqlı etmiş, hadisələrin çözülməsinə yeni şərait yaratmışdır. Ümumiyyətlə, Ç.Abdullayev roman janrının quruluşunda dəyişiklik etməklə yeni bir yol seçmiş,öncədən hadisənin gələcək inkişafına maraq yaratmış və sonda isə əsərdən çıxan nəticəni ümumiləşdirmiş və yekun fikrini söyləmişdir. Romanın “Giriş əvəzi” bölməsində yazıçı hadisələrin gələcəkdə necə cərəyan edəcəyini əvvəlcədən proqnozlaşdırır. Burada alman xalqını iki yerə bölən Berlin divarının dağılması, xalqın sevinclə bir-birinə qovuşması canlı şəkildə təsvir olunur. Keyster Qərbi Almaniyadan Şərqi Almaniyaya keçərək Barondan agent Ulrix Katserə məlumat gətirir. Agent Ulrix Katser Almaniya Demokratik Respublikası dağıldığı üçün agent Keysterin ona gətirdiyi məlumata etinasız yanaşır və öz həyatı barədə çıxış yolu axtarır. Odur ki, agent Keysteri öldürüb onun pasportu altında gözləmək qərarına gəlir və belə də edir. Ancaq kəşfiyyatın öz qanunları var, xəyanət edən heç vaxt bağışlanmır. Agent Ulrix Katser də sonda xəyanətinin qurbanı olur.

Əsərin birinci (“Yarım ildən sonra”) və ikinci (“Bir ildən sonra”) fəsillərində 1990-cı illərdə Berlində sərhəd divarının və ADR- nın dağılması dövrü, DTK- nın fəaliyyəti və sair məsələlərin necə cərəyan etməsi göstərilmişdir. Bundan əlavə sağlığında əfsanəyə çevrilmiş, casusluq dahisi, iyirminci əsrin super agenti “simasız insan” Markus Volf və eləcə də agent Sinner və onun “Sinner ata” qrupunun fəaliyyəti, iş prinsipi, cavan və yaraşıqlı, boylu-buxunlu hər cəhətdən səmərəli oğlanları qəbul edərək onlardan necə istifadə edilməsi sərgilənir. Bu oğlanlar vasitəsilə yüksək vəzifəli dövlət məmurlarının yanında çalışan və yaşları 30-35 dən yuxarı olan, necə deyərlər, “qarıyıb qalmış” və öz istəklərinə uyğun ər tapa bilməyən qızları (“Katibələrə hücum”) ələ keçirib casusluğa cəlb etmək. Romanda casusluğa cəlb edilənlərin əyani sübutu kimi Zepp Herlik Eloiza Vekverti, Paul Sexlin Rut Milleri və Hayns Haysler Angelika Bastiani göstərmək olar. Romanın 3, 5, 7, 10, 11, 13, 15, 17, 19, 21 və 22-ci fəsilləri Marina Çernişeva, 4, 6, 9, 12-ci fəsilləri Zepp Herlix, 8 və 18-ci fəsillər Alfred Kohan, 14 və 16-cı fəsillər Paul Sexlin və 21-ci fəsil isə Hayns Hansler başlıqları altında verilmişdir.

Müəllif fəsillərdə adı çəkilən agentlərin fəaliyyətini, əməllərini və gördükləri işləri çılpaqlığı ilə göstərmişdir. General Markov SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin “Klarissa” qrupunun rəhbəri Sovet kəşfiyyatının ən öncül agentlərindən biridir. O, hər bir Sovet kəşfiyyatçısı haqqında yetərincə məlumata malikdir. ADR və AFR-in birləşməsindən sonra Sovet kəşfiyyatının fəaliyyət planları müəyyən zaman çərçivəsində iflasa uğramışdır. Almaniya birləşdikdən sonra ADR-nin özü dağıldığı kimi, onun xüsusi agentura şəbəkəsi də dağılmış və onun yenidən bərpa edilməsi üçün general Markov fəaliyyətə  başlamışdır. Almaniya birləşdikdən az sonra “Ştazi”nin bir qrup general və zabitləri Markus Volfun rəhbərliyi ilə Moskvaya qaçırlar. Onlar Moskvanı özləri üçün müvəqqəti sığınacaq seçirlər. Markus Volf kəşfiyyatı bərpa etmək üçün planlar cızır. “Sinner ata”nın şəbəkəsi filosof Freyd fəlsəfəsinə əsasən iş görür. General Markov kəşfiyyatın keçmiş agentlərini əlaqələndirmək üçün “Klarissa” qrupunun ən fəal əməkdaşlarından biri olan polkovnik Marina Çernişevanı bu işə cəlb edir. General Markov Marina Çernişevanı Baş idarəyə yanına çağırıb gətirir. Marinanı qəbul edərkən Almaniya kəşfiyyatının ən yüksək vəzifəli agentlərindən olan Sinner də onunla olur. Markon Marinanı Sinnerlə tanış edir və onun haqqında ətraflı məlumat verir. Sinner kəşfiyyatın bərpası üçün hazırlanmış planla Marinanı tanış edir. Marina sənədləri götürüb onları diqqətlə nəzərdən keçirir. Sinner Marinaya bildirir ki, bu işin icrasında güzəşt olunmamalıdır, düşmənin cəbhəsini yarmaq üçün bütün vasitlərədən istifadə edilməlidir. Sən bu işə rəhbərlik etdiyinə görə qadın olduğunu unutmalısan. Dövlət vəzifələrində çalışan (“Katibələrə hücum”) qadınlar (“qarımış qızlar”) gözəl oğlanlar vasitəsi ilə casusluğa cəlb edilməlidir. Onlar bu fəlakətə düşdüklərinə görə sarsıntı keçirsələr də, sən bundan kədərlənməməlisən. Sonra general Markon Marinanı Moskvada DTK-nın gizli təhlükəsizlik binasında qalan Markus Volfun yanına aparır. Marina Markus Volfla görüşən zaman onların yanında general Markov və agent Sinner də olur. Volf Marina ilə hərtərəfli söhbət edir. Bütün məsələlərin incəliyinə qədər Marinaya çatdırır. Markus Volfun göstərişi ilə Marinaya tapşırığı icra etmək üçün Argentinadan köməkçi Alfred Kohan gəlir. Kohanla Marina Çernişeva (Mariya Çaves) Seviliyada görüşür və birgə fəaliyyətə başlayırlar. Marinaya verilən gizli tapşırığa əsasən onlar keçmiş agentlər: Baron Zepp Herliklə, “Rahib” ləqəbli Hayns Hayslerlə və Paul Sexlinlə (Quzğunla) görüşmək və onlarla yenidən əlaqə yaratmaq və eləcə də agent Kleysteri öldürərək onun pasportu ilə fəaliyyət göstərən agent Ulrix Katseri tapıb cəzalandırmaq. Bundan əlavə agentleyin Şmidtin gətirib verdiyi üç milyon pulu “Siti-bank”ın yerli şöbəsinin hesbına keçirməyib mənimsəyən Andreas Qruneri (Alfred Kohanı) ifşa etmək.

Marina və Kohan xeyli axtarış apararaq Baron Zepp Herlixin öldüyünü, Rahib Hayns Hayslerin ağır xəstəliyə tutularaq ölümünə az qaldığını və Quzğun Paul Sexlinin arvadı Rut Millerlə xoşbəxt yaşadığını və üç övladları olduğunu  öyrənirlər. Bu məlumatların hamısını Marina general Markova xəbər verir. General Markovun xüsusi tapşırığı və əmri ilə Marina Çenişevanın işlərinə gizli nəzarət edən və onun təhlükəsizliyini təmin edən agent Ronkal Ulrix Katserin otağında Marinaya təcavüz etmək istəyən Bremeni və sonra isə Rotu güllələyib öldürdü. Marina öz otağına keçir və Kohan onun yanına gəldi. Onlar danışarkən Katser içəri girib Marinanı öldürmək istəyəndə Kohan onun qarşısına durdu. Bu an Ronkal arxadan Katseri başından güllə ilə vurub öldürür. Sonra isə Kohanı vurmaq istəyəndə Marina qoymur. General Markovun əmrinə əsasən Ronkal Marinanın əmrinə tabe olmalı idi. O da tabe olub Kohanı öldürmür və çıxıb gedir. Qruner otaqdan çıxarkən Marinaya dedi ki, mənə görə ingilislər yanılıblar xəyanətkarlıq biz kişilərə məxsusdur.

Polkovnik Marina Çernişeva (Mariya Çaves) obrazı “Xəyanət sənin adındadır” romanının ana xəttini təşkil edir. Əsərin başqa bölmələrində iştirakı ilə bərabər romanda olan iyirmi  iki fəslindən on biri “Marina Çernişeva” adlanır. Marina Çernişeva “Klarissa” qrupunun rəhbəri general Markovun seçib bəyəndiyi ən yaxşı agent-mütəxəssisdir.  O öz şəxsi bacarığı sayəsində  general Markovun ona verdiyi bütün tapşırıqları cəsarətlə icra edir. Baron Zepp Herlix, Rahib Hayns Haysler və Quzğun Paul Sexlin haqqında dəqiq məlumat toplayaraq onların hər birinin ünvanına gedərək barələrində yetərincə bilgi əldə edir. Kleysteri öldürən Ulrix Katseri və üç milyon agentliyin pulunu mənimsəmiş Andreas Qruneri (Alfred Kohanı) tapıb ortaya çıxarır və günahkarlar öz cəzalarını alır. General Markov Marina Çernişevaya verilmiş tapşırığı yetərincə yerinə yetirdiyinə görə təşəkkür etdi və onu yüksək qiymətləndirir. Sonra Markov söylədi ki, məncə, biz qarşımıza qoyduğumuz məqsədə nail olduq. Əlaqələndirici şəbəkəmizə aydınlıq gətirildi. Cinayətkar Katser  cəzalandı və Quruner (Kohan) isə ifşa olundu. Mənə belə  gəlir ki, bu işdən hamı razı qaldı. Marina isə fikirlərini belə ifadə etdi. Fikrincə, işdən iki qadın razı qalmaz. Onlardan biri Eloiza Vekvert əri Zepp Herlixi itirib, digəri isə Angelika Bastiana da əri Hayns Haysleri itirmək üzrədir. Bu qadınların hər ikisi bizim agentura şəbəkəmizdən narazıdır. Markov Marinaya dedi ki, sən ən yaxşı agent olsan da, bu üç agentin (Zepp Herlix, Hayns Haysler və Paul Sexlinin) tərcümeyi-halına diqqət yetirməmisən. Üçü də yetimlər evində böyüdüklərinə görə ata və anaya onlarda məhəbbət ola bilməz. Belələri qadınlara qarşı hər cür zorakılıq etməyə qadirdilər. Ana məhəbbəti görməyə kişinin qadını sevməsi şübhə doğurur. Qadınlara qarşı zorakılıq etmək onlar üçün adi haldır, Markovun bu sözlərindən sonra Marina ona belə bir sual ünvanlandı ki, vaxtı ilə məni işə qəbul edəndə qadın – dünyanın ən alçaq və ən murdar məxluqdur” ifadəsini işlətdin, buna səbəb nədir? Sənə məlum olsun ki, mən də yetimlər evində böyümüşəm ana qayğısı görməmişəm. Markovun bu sözlərindən sonra Marinanın oğlu yadına düşdü və belə qərara gəldi ki, o daima oğlunun yanında olmalı, ona ana məhəbbətinin nə olduğunu aşılamalıdır. Əsərdə general Markov sürəti də maraq doğurur. O,SSRİ DTK-nın Birinci Baş İdarəsinin, yəni Sovet Kəşfiyyatının bölmələrindən biri olan, “Klarissa” qrupunun rəhbəri olmuşdu. İşlədiyi müddət ərzində gözəl qadın və kişiləri işə qəbul etmiş və onların agent kimi yetişmələrində xüsusi rol oynamışdır. Marina Çernişeva da həmin kadrlardan biridir. Romanda yazıçı Ç.Abdullayev Markov sürətini qələmə alarkən onun Sovet kəşfiyyatı üçün dəyərli bir kadr olduğuna önəm vermişdir. Marina Çernişevanın dili ilə müəllif general Markovu Sovet Kəşfiyyatının ən bacarıqlı, siyasi cəhətdən ən yetkin və hər bir məsələyə vaxtında və əsaslı qərar verən rəhbər şəxslərdən biri kimi göstərir.

ADR kəşfiyyatının “A” adlı Baş İdarəsinin rəhbəri olmuş, casusluq dahisi, iyirminci yüz illiyin super agenti və jurnalistlərin simasız insan adlandırdıqları Markus Volfun fəalliyyəti romanda geniş sərgilənir. Müəllif onun 1996-ci ildə “Komsomolskaya Pravda” qəzetinə verdiyi müsahibədən müəyyən fraqmentləri romana daxil etmişdir. Müsahibə zamanı Volf jurnalistin yeddi sualını cavablandırmışdır. Bu müsahibədən Volfun necə bir kəşfiyyatçı olması aydın görünür. Ədib “Romeo Cülyettanı necə cəlb etmişdi” bölməsində jurnalistin Markus Volfa ünvanladığı “Cənab Volf, siz həqiqətən belə bir şöbəyə rəhbərlik etmisiniz?” – sualına o, belə cavablandırmışdir: “Romantik gözəl kişilər vasitəsilə gənc olmayan katibələri yoldan çıxarılmasından ötrü heç bir “Romeo” şöbəsi olmayıb. Bu, əfsanədir. Yeri gəlmişkən, mən özüm də əfsanəni sevirəm və etiraf edirəm ki, onların içində həqiqət payıda olur. Həyatın özü bizi belə bir metoda təhrik edib…

…Bizi təvazökar katibələr, şifrə işçiləri, texniki xidmət işçiləri – bir sözlə, öz kiçik vəzifələri ilə bütün gizli və vacib sənədlərə əli çatan adamlar maraqlandırırdı. Bu qadındların əksəriyyəti kişisisiz, sevgilisiz və hətta onları əldə etmək ümidləri puça çıxmış olanlardır…”

Volfun sualları cavablandırması ADR kəşfiyyatının necə işləməsindən xəbər verir. Onların agentlərinin AFR-də göstərdiyi fəaliyyətin miqyası açıqlanır. AFR-də kanslerlikdən tutmuş bir çox dövlət orqanlarının daxili sirlərini əldə edərək öz yuxarı  təşkilatlarına ötürürlər. Bu da kəşfiyyatın necə və hansı əsaslara işlədiyinin bütün detallarını aydınlaşdırır. Müəllif faktları həmin dövrün gizli sənədlərindən əldə edərək romana daxil etmiş və əsəri daha da maraqlı və canlı etmişdir.

Markus Volfun rəhbərliyi altında işləyən agentlərdən biri də Sinnerdir. General Markov onun Berlində olduğunu, ADR-də işlədiyini və alman dövlətinin kəşfiyyatında Qərbi Almaniyanın əleyhinə çalışan qruplardan birinə vaxtilə başçılıq etdiyini deyir. “Sinner ata”nın şöbəsi AFR-də xüsusi idarələrdə çalışan qarımış qızları gözəl və cazibədar oğlanlar vasitəsilə ələ alaraq onlardan dövlət əhəmiyyətli məlumatları alıb yuxarı təşkilata vermək olmuşdur.

Andreas Qruner (Alfred Kohan) romanda diqqət yetirilən obrazlardan biridir. Müəllif onun “Sinner ata”nın şöbəsinin bacarıqlı agentlərindən olduğunu, ancaq təşkilatın ona etdiyi etibardan sui-istifadə edərək üç milyon pulu özünə götürdüyünü göstərir. Bunun da əsas səbəblərindən biri xidmət etdiyi ölkənin süquta uğramasıdır. Ona şans verib, adını dəyişərək kəşfiyyat fəaliyyətini davam etdirməsi əvəzinə cənubi Amerikada bizneslə məşğul olur. Markus Volf öz əlaqələrindən istifadə edərək ona yenidən göstəriş verib “itirilmiş əlaqələrin bərpası” əməliyyatını general Markovun planı əsasında aparan Marina Çernişevaya köməkçi göndərir. Alfred Kohanı “Sinner ata”nın keçmiş əlaqələndirici Kleysteri öldürüb onun pasportu ilə fəaliyyət göstərən Katser tərəfindən təqib edilir. Onların axtarışına maneçilik törədir. Ancaq Marina ilə Kohan hər çətinliyin öhdəsindən gələ bilirlər. Katser isə öz cəzasını alır. Əməliyyat uğurla başa çatır. Marina Kohanı ölümdən xilas edir. Zepp Herlix, Paul Şexlin və Hayns Haysler “Sinner ata”nın şöbəsinin hazırladığı ən bacarıqlı, hər cəhətdən yaraşıqlı və cazibədar gənc agentlərdir. Romanda dörd, altı, doqquz və on ikinci fəsillər “Zepp Herlix”, on dörd və on altıncı fəsillər “Paul Şexlin” və iyirminci fəsil isə “Hayns Haysler” adlanır. Zepp Herlix Qərbi Almaniyada yaşayan və kansler idarəsində çalışan Eloiza Vekverti, Paul Sexlin Xarici İşlər Nazirliyinin Şərqi Avropa Ölkələri Şöbəsində şöbə rəisinin müavini Rut Mülleri və Hayns Haysler isə “Mercedes” firmasının varisi, Qərbi Almaniya Kəşfiyyatının işçisi Angelika Bastiana “Sinner ata”nın şöbəsinin planına uyğun ələ keçirmək və onları casus tələsinə salaraq kəşfiyyata cəlb etmək. Bütün hadisələr “Sinner ata”nın  şöbəsinin ssenarisi ilə icra edilir. Zepp Herlik Eloiza Vekvertlə, Paul Şexlin Rut Müllerlə və Hayns Haysler isə Angelika Bastianla tanış olur və müəyyən vaxtdan sonra evlənirlər. Beləliklə, “Sinner ata”nın şöbəsinin planı öz həllini tapır. Eloiza da, Rut da və Angelika da casus tələsinə düşür. Hər üçü “Sinner ata”nın şöbəsinin verdiyi tapşırıqları vaxtında icra edir. Verilən məlumatlar Almaniya Demokratik  Respublikasının süqutuna qədər davam edir. Əlaqəndirici  Kleysterin ölümündəm sonra bütün əlaqələr kəsilir. Bu əlaqələri bərpa etmək üçün Marina Çernişveva və onun köməkcisi Alfred Kohan (Qruner) axtarış apararaq hər şeyə aydınlıq gətirir.

Ümumiyyətlə, dedektiv yazıçı Çingiz Abdullayev casus tələsinin yollarını “Xəyanət sənin adındadır” romanında çox incəliklə, tarixi faktlara söykənərək canlandırmışdır. Əsər Sovet İttifaqı və ADR kəşfiyyatı haqqında oxucuda böyük təəssürat yaradır. İnsanların həyatı nəzərə alınmadan hər bir cinayətə gedilir, sanki insanlar robotlaşdırılır. Necə olur-olsun dövlətin mənafeyi naminə hər yola əl atılır. Bu amal uğrunda qadınlar qurban verilir, onlar casus tələsinə salınır, həyatları nəzərə alınmadan cinayətə yuvarlandırılır. Yazıçı da bu məlum acı həqiqətləri oxucuların diqqətinə çatdırır. Romanda hadisələrin gedişi ardıcıl və bitkin şəkildə göstərilir. Oxucu əsəri oxuyarkən yorulmur və hər bir detalı diqqətlə izləyə bilir. Fikrimcə, bütün obrazlar qalereyasının daxili xarakterik keyfiyyətləri ustalıqla, incə deyimlərlə açıqlanmışdır. Romanın dili aydın və oxunaqlıdı. Mən detektiv yazıçı Çingiz Abdullayevə bitib-tükənməyən yaradıcılıq uğurları diləyirəm, qoy onun qələminin şöləsi aləmə həmişə işıq salsın.

Sabir Rüstəmoğlu (Məmmədov),

ADPU-nun Ağcabədi filialınım dosenti, AYB və AJB üzvü

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!