BMT Təhlükəsizlik Şurasının iclasında Çin və ABŞ nümayəndələri arasında dava düşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Agentliyin məlumatına görə, mübahisəyə səbəb ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Doroti Şihin guya Çinin Ukraynadakı münaqişədə Rusiyanı dəstəkləməsi ilə bağlı açıqlaması olub.
Diplomat dünya ictimaiyyətini Rusiyaya ikili təyinatlı malların ixracını dayandırmağa çağırıb və bildirib ki, Pekin “Rusiya təcavüzünü gücləndirməyi dayandırmalıdır”.
Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq cavab olaraq bildirib ki, Pekin Ukraynada münaqişəni başlatmayıb, “münaqişə tərəfi deyil və heç vaxt öldürücü silahlar təqdim etməyib”.
Bundan əlavə, diplomat qeyd edib ki, Çin həmişə “ikili təyinatlı materiallara, o cümlədən dronların ixracına ciddi nəzarət edib”.
Şuanq ABŞ-dan Ukraynadakı vəziyyətə görə günahı başqa ölkələrin üzərinə atmağı dayandırmağı tələb edib və “qarşıdurmaya təhrik etməməyi” tövsiyə edib. O əlavə edib ki, Vaşinqton atəşkəs və sülh danışıqlarını təşviq etmək üçün əlindən gələni etməlidir.
E.ŞİRİNOV

