Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tıxaclı şəhərlərdə hava taksilərindən istifadə zərurəti yaranmaqdadır… Budur, ilk addım Çindən gəldi.
Tezadlar.az xatırladır ki, Şanxayda 10 dəqiqəlik hava taksisi ilə uçuşun gələcəkdə 59 yuan (təxminən 8,3 ABŞ dolları) olacağı gözlənilir. Bu plan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində “Vertaxi” şirkəti tərəfindən təqdim edilib. Şirkətin təqdim etdiyi nəqliyyat vasitəsi şaquli qalxma və enmə qabiliyyətinə malik elektriklə işləyən uçan aparatdır. Şirkət bildirib ki, 10 dəqiqəlik aerotaksi uçuşu ilə meqapolisin yarısını qət etmək mümkündür – məsələn, şəhərin qərbində yerləşən Honqçyao nəqliyyat qovşağından mərkəzi işgüzar rayon olan Lujiazuiyə qədər.
Müqayisə üçün qeyd edək ki, bu məsafəni avtomobillə qət etmək təxminən 40 dəqiqə çəkir. İstehsalçının qiymətləndirməsinə görə, ilkin mərhələdə tariflər adi taksilərlə müqayisədə bir qədər yüksək olacaq, lakin hava marşrutları genişləndikcə qiymətlər kəskin şəkildə azalacaq. Qısa məsafəli uçuşların qiyməti 50 yuandan (7 dollar), şəhərlərarası marşrutlar üçün isə 100 yuandan (14 dollar) başlayacaq. Beş nəfərlik hava taksisində, həmçinin uzunluğu təxminən 50 sm olan beş standart çamadan üçün yer olacaq.
Zənnimizcə, bu taksilər Bakı üçün hava- su kimi lazımdır. Çünki neçə ildir AYNA adlı qurum Bakının mövcud yollarını daraldaraq şəhəri büsbütün tıxaca məruz qoyub, tədbir də görülmür. İctimai nəqliyyatdan istifadəni tıxacların həllində əsas vasitə bilən AYNA mütəxəssisləri özləri də görür ki, Bakı yolları avtobusların da tıxaca düşməsinə gətirib çıxarıb. Çünki yolları süni surətdə daraldılan şəhərdə belə də olmalı idi.
A.Məmmədli