Qarabağda ağır döyüşlərdən salamat çıxmış qazi Mənəfov Əsəd Abdul oğlu indi “Azəriqaz” İB rəisinin bir əmrindən asılı qalıb.
Qazinin Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri M.Qəhrəmanlıya və “Təzadlar” qəzetinə daxil olmuş ərizəsini təqdim edirik. Yazır: “…Mən 2000 -ci il təvəllüdlü Mənəfov Əsəd Abdul oğlu, 2020-ci ildə vətən uğrunda döyüşlərə könüllü olaraq qatılmışam. Özüm də xüsusi təyinatlı qüvvələr mənsubuyam, 3 medalim, fəxri fərmanlarim var. Cənab prezidentimiz tərəfindən təyin edilmiş təqaüd aliram. “Azəriqaz” İB Təmir Tikinti İdarəsində yükləyici olaraq fəaliyyət göstərirəm. Kadrlardan mənə bildiriblər ki, sənin ştatın ixtisara duşur. Və səni heç bir yerə yerləşdirə bilmirik. Dəfələrlə teleqram da vurdum. Xahiş etdim ki, evdə işləyən tək mənəm. Öhdəmdə böyrək çatışmazlığından əziyyət çəkən 13 yaşlı bacım, bir övladım var, bir övladım da yaxın zamanda dünyaya gələcək. Bankdan 11000(on bir min) manat kredit götürüb bacımın dərmanlarına, həkimə xərcləmişəm. Özüm də müharibə zamanı iki ayağımdan, iki qulağımdan zədə almışam. İndi mənə deyirlər ki, sən işdən çıxmalısan.
Xahiş edirəm mənə köməklik edəsiniz, çox çıxılmaz vəziyyətdə qalmışam. ..”.
Xatırladırıq ki, qazinin müraciətinə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov cavab məktubu göndərib. Onun surətini də təqdim edirik.
Amma media olaraq sonda bir suala cavab istərdik: ölümünü göz önünə almadan Vətəni qorumağa gedən, canına qıyan bir qaziyə adi bir fəhləliyi belə qıymaq olmazmı??? İnanırıq ki, olar! Və həm də inanırıq ki, bu problem mütləq həllini tapacaq. Çünki Allah böyükdür! Ədalət hər şeydən üstündür!
A.Məmmədli