Bakıda az qala ildə iki- üç dəfə subasma halları təkrarlanır, amma vəziyyət dəyişmir. Niyə? Çünki Bakının özü dəyişsə də, tikintiləri təzələnsə də, paytaxtın sosial- iqtisadi həyatına, idarəçiliyinə cavabdeh olanlar yerində qalır, dəyişmir, təzələnmir… Soaial media platformalarında belə bir maraqlı fakta rast gəldik: sən demə, 2011-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə də çox güclü yağış yağıb və paytaxt sel sularına qərq olub. Şəhər təsərrüfatına 1.6 milyard avro ziyan dəyib. Amma paytaxt bələdiyyəsi sel gələndə çırmanma adətini tərgidib, görün nə edib: 10.000 m³ su tutan “Kalvebod Brygge” tunelini inşa edir. Süngər parklar yaradırlar. Bu parklar suyu sovurur və şəhəri artıq sudan qoruyur. Eləcə də yolları elə dizayn edirlər ki, sular toplayıcı zonalara yönəlir. Səkilərin səviyyələri dəyişdirilir. Suyun müəyyən trayektoriya ilə axması təmin edilir…
Bəs Bakıda? Keçmiş merimiz Hacıbala Abutalıbov iyirmi ilə yaxın müddət ərzində Bakının rəhbəri oldu, hər il sel suları paytaxtı iflic vəziyyətinə saldı, bu kişi heç bir təsirli iş görmədi, əksinə, Bakının köhnə kanalizasiya xətlərinin üstündə çoxsaylı göydələnlər tikilməsinə şərait yaratdı. Beləliklə, Bakı dar- düttək kanalizasiya boruları bu qədər göydələnlərə doluşdurulmuş insanların çirkab suyuna şərik edildi…
Uzun illərdir Bakıya təcrübəli idarəçi Eldar Əzizov rəhbərlik edir. Bəs Eldar Əzizova nə olub? Bu şəhəri niyə bu günə salırlar? Bakını mərkəzə doğru deyil, kənara doğru tikmək lazımdır, ay MTK- lara bu şəhərin ərazisini qarış- qarış satanlar! Özünüzə villa tikəndə ilk növbədə adambaşına kanalizasiya borusunun diametrini seçirsiniz… Hesab edin ki, Bakı da sizin villanız, evinizdir, di işinizi gələcəyə- sonraya hesablayıb görün də!!!
Nə isə…
Asif MƏRZİLİ