Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?
Tezadlar.az xəbər verir ki, suala cavab olaraq Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov vurğulayıb ki, Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri – yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edəcək.
“Söküntü ilə bağlı ən çox verilən sual kompensasiya məbləği ilə bağlı olsa da belə ödənişlərin evlərin sahələri üzrə necə təsnifləşdirilməsi də əhəmiyyətli məqamlardandır. Belə ki, bəzi həyət evlərin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konrket rəqəmin ödənilməsi vacib məqamlardandır. Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır.
Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur.
Bir sıra ölkələrdə dövlət ehtiyacları üçün söküntü aparılan zaman az sahəli evlər üçün konkret məbləğdə kompensasiya və ya yeni mənzil təklif edilir. O baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda, sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı”, – deyə Vüqar Bayramov bildirib.
Qeyd edək ki, Bakı şəhərinin bir sıra ərazilərində söküntü işləri aparılır. Əsasən paytaxtın mərkəz hissələrində aparılan söküntülər zamanı ev sahibləri onlara təklif edilən kompensasiyanın məbləğindən narazıdır. Bu barədə “Təzadlar”da da yazılar dərc edilib. Sakinlər bildirirlər ki, təklif edilən məbləğə yaşadıqları ərazidə mənzil almaq qeyri-mümkündür. Lakin tikinti sahibləri onlarla razılığa gəlmək istəmir…
Y.Məmmədli