Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb.
Tezadlar.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Yeraltı” serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib.
İddiaların sosial şəbəkələrdə geniş müzakirə olunmasından sonra aktrisanın menecerlik şirkəti “Engin Aykanat Management” rəsmi açıqlama yayıb.
Şirkət məlumatların həqiqəti əks etdirmədiyini bildirərək Devrim Özkanın Dubaya beynəlxalq brendlə əməkdaşlıq çərçivəsində xüsusi jurnal üz qabığı çəkilişi üçün getdiyini açıqlayıb. Açıqlamada aktrisa haqqında yayılan iddiaların heç bir konkret əsasa söykənmədiyi vurğulanıb və bu cür məlumatların yayılması qınanılıb.
Məsələyə Devrim Özkanın özü də münasibət bildirib. Aktrisa sosial şəbəkə hesabında paylaşım edərək haqqında əsassız xəbərlər yayan şəxslərə qarşı məhkəməyə müraciət edəcəyini açıqlayıb.
“Məncə, bu xəbərləri yaymağa davam edin ki, haqqında danışdığınız məbləği sizdən alıb baytarlıq klinikalarına borcu olan heyvansevərlərin borclarını ödəyim. Vəkilimlə birlikdə əlimizdə olan 100-dən çox ekran görüntüsü ilə məhkəmədə hesablaşacağıq. Öpürəm, böhtan atmağa davam edin”, – aktrisa bildirib.
Beləliklə, məşhur aktrisa ərəb şeyxi ilə milyonlarla dollar qarşılığında yemək yeməsi barədə iddiaları təkzib edərək məsələyə hüquqi müstəvidə aydınlıq gətirmək niyyətində olduğunu bildirib.







