Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son bir neçə gündə həm sosial şəbəkələrdə, həmdə əhali arasında bəzi şayiələr yaranıb ki, guya Prokurorluq, hətta Daxili İşlər Nazirliyi telefon danışıqlarını dinləyir. Biz təbii ki, bu şayiələrə inannmadıq.
Amma yenə də məsələyə aydınlıq gətirmək üçün “Təzadlar” olaraq sözügedən qurumlara müraciət etdik. Yayılan şayiələrin absurd fikir olduğunu bildirən qurumlar hər bir vətəndaşın şəxsi toxnulmazlıq hüququnun olduğunu bildirdilər. Hətta şəxsi toxunulmazlıq hüququnun nə anlam ifadə etdiyini ətraflı şəkildə izah etdilər.
Ümumiyyətlə, vətəndaşın şəxsi toxunulmazlıq hüququnun kostitusiyada necə tənzimlənməsini və digər əldə etdiyimiz məlumatları oxucularımızla bölüşürük:
– Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır.
– Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
– Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər.
– Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
Sözügedən hüquqlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Şəxsiyyət əleyhinə olan cinayətlər” adı bölmənin 21-ci fəsli ilə qorunmaqdadır. “İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər” adlanan fəsildə konstitusiyada nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının pozulmasına görə məsuliyyət müəyyən olunur.
Hazırladı: Rövşanə