17 May 2026 / 15:40

Dövlət İmtahan Mərkəzindən daha bir şikayət- MAGİSTRATURA İMTAHANINDAKI YARIMÇIQLIQ

Hörmətli “Təzadlar”! Bu gün — 17 may 2026-cı il tarixində Bakı şəhərində magistraturaya qəbul imtahanı keçirilməli idi. İmtahan DİM tərəfindən təşkil olunmuşdu və iştirak üçün hər bir vətəndaş 50₼ ödəniş etmişdi.
Lakin bu gün səhər saatlarından etibarən Bakıda faktiki olaraq fövqəladə vəziyyət yaranmışdı. Gecə boyu yağan güclü leysan nəticəsində şəhərin əksər yolları tamamilə su altında qalıb. Bir çox küçələrdə suyun səviyyəsi səkidən belə yuxarı olub. Bir çox istiqamətlərdə avtomobillərin hərəkəti mümkünsüz vəziyyətə düşüb. Buna baxmayaraq, DİM imtahanları nə ləğv edib, nə də təxirə salıb.
 Mənim həyat yoldaşımın imtahanı saat 09:15-də Ramanı qəsəbəsində yerləşən imtahan mərkəzində idi. Biz isə Nərimanov rayonunda yaşayırıq. Səhər saat 08:00-da evdən avtomobillə çıxmağımıza baxmayaraq, evdən uzaqlaşa bilmədik. Yollar tamamilə su altında idi. Hətta hansısa şəkildə davam etsəydik belə, avtomobilin mühərrikinin su alması və ciddi maddi zərərin yaranması riski var idi. Dövlət sonradan bu zərəri qarşılamayacaqsa, heç kim avtomobilini bilərəkdən təhlükəyə atmaz. Nəticədə geri qayıtmağa məcbur olduq və uzun müddət alternativ yollar axtarmağa çalışdıq.
Bu vəziyyət bizim nəzarətimizdən tamamilə kənar idi.
 Biz DİM-in qaynar xəttinə dəfələrlə zəng etdik. Lakin yalnız avtomatik cavab verildi ki, “bu gün qeyri-iş günüdür, iş günlərində əlaqə saxlayın.” İmtahan günü və fövqəladə vəziyyət zamanı qurumun qaynar xəttinin fəaliyyət göstərməməsi qəbuledilməzdir.
Həmçinin imtahan keçirilən 90 nömrəli məktəblə əlaqə saxlamağa çalışdıq, lakin zənglərə cavab verən olmadı.
 İmtahana gecikən şəxslər məktəblərə buraxılmayıb. Bizim kimi hava şəraiti səbəbindən ümumiyyətlə, gedə bilməyən çox sayda insan var. İnsanların təsir edə bilmədiyi təbii fəlakət səbəbindən onların magistratura hüququndan məhrum edilməsi ədalətsiz və qeyri-insani yanaşmadır.
Belə çıxır ki:
— vətəndaşlar 50₼ ödəniş edir;
— fövqəladə hava şəraitinə görə imtahana gedə bilmir;
— DİM isə nə məsuliyyət daşıyır, nə də alternativ həll təqdim edir.
Biz tələb edirik ki, DİM bu vəziyyəti nəzərə alsın, rəsmi açıqlama versin və imtahana qatıla bilməyən şəxslər üçün əlavə və ya təkrar imtahan təşkil etsin. Minlərlə abituriyent DİM-in məsuliyyətsiz qərarlarının qurbanına çevrilməməlidir.
Nicat ABDULLAYEV
REDAKSİYADAN: ŞİKAYƏT HAQLIDIR VƏ TƏDBİR GÖRÜLMƏSİ ÜÇÜN DÖVLƏT İMTAHAN MƏRKƏZİNİN ELEKTRON POÇTUNA GÖNDƏRİLDİ. ƏLAVƏ MƏLUMAT VERİLƏCƏK.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!