…Dövlət Turizm Agentliyində baş verənlər artıq rəsmən istintaq predmetidir. Əgər istintaqı Dövlət Təhlükəsizlik Xidməti aparırsa, deməli, məsələnin məğzi mediaya sızan informasiyalarla yekunlaşmır. Odur ki, böyük ehtimalla təhqiqat dairəsi genişlənəcək istintaqın nəticəsini gözləyək. Zənnimcə, bu cür hadisələr dövlət üçün ciddi siqnal olmalıdır. Niyə və nədə?
Əvvəla, məmur təbəqəsi ali hakimiyyətlə vətəndaşlar arasında ötürücü funksiya daşıyır. Onlar gündəlik olaraq xalqla təmasda olur, eyni zamanda, dövlət idarəçiliyi üçün aktual tapşırıqları həyata keçirirlər. Bu təbəqə həm xalqı sevməli, vətəndaş məmnuniyyətini əsas götürməli, həm də dövlətə bağlı olmalı və hakim siyasəti intellektual dərk etməlidir.
İkincisi, kadr siyasəti ictimai məsuliyyətə əsaslanmalıdır. İctimai məsuliyyəti olmayan, siyasi mövqeyi vəzifəyə hesablanmış kadrlar pul və karyera hərisləri olduğundan son nəticədə dövlət idarəçiliyinə yararsızdırlar. Artıq bir neçə nazirliyin fəaliyyətində bu tendensiya özünü açıq biruzə verir.
Üçüncüsü, bu gün ölkədə siyasi partiyalarda, media və QHT-lərdə çoxsayda uğurlu kadr var. Onların potensialından istifadə olunmalıdır. Dövlət istənilən vəzifədə özünü doğruldacaq bu cür fiqurları görməlidir.
Dördüncüsü, dövlət qulluğuna qəbul sistemi dəyişməlidir. Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün faktiki olaraq doktorantura səviyyəsində hüquq ixtisası tələb edir. Dövlət qulluğuna qəbul üçün DİM-in ortaya qoyduğu alternativ proqramlar son nəticədə ixtisaslı kadrları sosial liftdən kənarlaşdırır.
Beşincisi, kadr siyasəti meritokratiya prinsiplərinə əsaslanmalıdır. Bu prinsiplər dövlət tərəfindən rəsmən qəbul olunub. Dövlət idarəçiliyində kadr seçimi yalnız şəxsi keyfiyyətlər, bilik, bacarıq və təcrübə əsasında həyata keçirilməlidir. Meritokratiya prinsiplərindən kənara çıxılması, “qayınana”, “xalaoğlu”, “filankəsin nəvəsi” meyarları ilə yerləşdirmələr həm cari, həm də strateji baxımdan fəsad doğurmaya bilməz.
Taleh Şahsuvarlı,
Analitik