Əsas məzmuna keç

Dövlət Vergi Xidməti vergi borclarının idarə olunmasında çevik yanaşmalar tətbiq edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparır.

Tezadlar.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu barədə Dövlət Vergi Xidməti və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” (TÜİB) arasında Açıq Dialoq Platforması çərçivəsində B2G formatında keçirilmiş görüşdə məlumat verilib.

Xidmətin rəisi Orxan Nəzərli Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının son illər daha da möhkəmlənməsinin iqtisadi əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi üçün yaratdığı imkanları vurğulayıb, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi, bizneslə dialoqun təşviqi barədə fikirlərini bölüşüb və rəhbərlik etdiyi qurumun sahibkarlarla iş prinsipləri barədə məlumat verib. O, bildirib ki, Dövlət Vergi Xidməti biznes ictimaiyyəti ilə açıq və davamlı dialoqa xüsusi önəm verir. Sahibkarların təklifləri yalnız müzakirə edilmir, məqsədəuyğun hesab olunan təşəbbüslər vergi inzibatçılığının və qanunvericiliyin təkmilləşdirilməsi zamanı nəzərə alınır, biznes ictimaiyyəti ilə mövcud dialoqun daha sistemli və institusional müstəviyə keçməsi diqqətdə saxlanılır.

Vergi siyasətinin əsas istiqamətlərinə toxunan O.Nəzərli iqtisadi artım və investisiyaların təşviqi, mikro və kiçik sahibkarlığın fəal dəstəklənməsi, ixracın stimullaşdırılması, rəqəmsal texnologiyalar və innovasiya sahələrində fəaliyyət göstərən biznes subyektləri üçün əlverişli vergi mühitinin yaradılmasının prioritet olduğunu bildirib. O, eyni zamanda, sahibkarların inzibati və hesabatlılıq yükünün azaldılması, vergi prosedurlarının sadələşdirilməsi və vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparıldığı diqqətə çatdırıb.

O.Nəzərli rəqəmsal transformasiya və məlumat əsaslı vergi inzibatçılığının əhəmiyyəti vurğulayıb. Xidmət rəisi süni intellekt və analitik həllərin tətbiqinin genişləndirilməsi, risklərin daha erkən müəyyənləşdirilməsi, preventiv məlumatlandırma və elektron xidmətlərin inkişaf etdirilməsi nəticəsində vergi ödəyiciləri ilə münasibətlərin daha çevik və proaktiv modelə keçirilməsinin hədəfləndiyini bildirib.

O, vergi inzibatçılığında əsas hədəfin nəzarəti artırmaq deyil, riskləri düzgün müəyyənləşdirmək, şəffaf fəaliyyət göstərən vergi ödəyicilərinə əlavə inzibati yük yaratmamaq və rəqəmsal həllər vasitəsilə könüllü vergi ödənişlərini təşviq etmək olduğunu duqqətə çatdırıb. Nəticədə, başlıca məqsəd vergi öhdəliklərinin könüllü şəkildə yerinə yetirildiyi, dövlətlə biznes arasında qarşılıqlı etimadın möhkəmləndiyi, sahibkarın vergi sistemini fəaliyyətinə maneə deyil, şəffaf və proqnozlaşdırılan iqtisadi mühitin bir hissəsi kimi qəbul etdiyi sistemin formalaşdırılmasıdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…