Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında dron hücumuna məruz qalan “CHELSEA-3” yük gəmisində olan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib, onlardan biri hərbi hospitala yerləşdirilib.
Bunu Tezadlar.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, oktyabrın 13-də gecə saat 01:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında “CHELSEA-3” adlı yük gəmisi dron hücumuna məruz qalıb.
Ayxan Hacızadə qeyd edib ki, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib. Onlardan 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə saxlanılır.
Digər 7 Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Nazirlik rəsmisi bildirib ki, məsələ ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə koordinasiya işləri aparılır.
“Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların ölkəyə təhlükəsiz qayıdışının təşkili istiqamətində zəruri tədbirlər görülür”, – deyə Ayxan Hacızadə vurğulayıb.
O, Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən çəkinməyə çağırıb. Həmçinin belə ərazilərdə və riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmağın təhlükəli olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Bolqarıstanın Byala şəhəri yaxınlığında yük gəmisinə dron hücumu olub. Nəticədə 6 dənizçi yaralanıb.
Varna vilayətinin qubernatoru Mario Smarkov bildirib ki, Chelsea 3 adlı gəminin heyətində 7 Ukrayna və 8 Azərbaycan vətəndaşı olub.







