Əsas məzmuna keç

Dudek Koxalskinin “Vyeçista”ya keçidini tənqid etdi

Qapıçı Mateuş Koxalskinin “Qarabağ”dan ayrılaraq “Vyeçista”ya keçidi Polşa futbolunun əfsanəsi Yeji Dudekin narazılığına səbəb olub.

Tezadlar.az xəbər verir ki, “Real” və “Liverpul”un sabiq qapıçısı “Polsat Sport”a açıqlamasında 26 yaşlı qolkiperi tənqid edib.

Koxalskinin “Qarabağ”dakı çıxışları bir sıra nüfuzlu klubların diqqətini cəlb edib. Bildirilib ki, hətta Dortmund “Borussiya”sı da qapıçı ilə maraqlanıb. Lakin Koxalski Azərbaycanda yaşamağın evindən uzaqlıq və mədəni fərqlər səbəbindən ona uyğun olmadığını vurğulayıb.

Alternativ təkliflərin olmadığı bir vaxtda isə qapıçı Polşaya qayıdaraq “Vyeçista”ya keçib. Bu qərar Dudekin təəccübünə səbəb olub. O, deyib:

“Çempionlar Liqasında “Qarabağ”la oynayan, son olaraq Avropa Liqasının təsnifat mərhələsində çıxış edən Koxalskinin ətrafında komanda qurmağın mümkün olub-olmadığını düşünmək olar. Amma onun rahatlıq və Polşa çempionatına qayıtmaq xatirinə, üstəlik “Vyeçista”ya keçməsi mənim üçün bir qədər anlaşılmazdır.

Avropanın top klublarından birinə keçmək uğrunda mübarizə aparmalı olan futbolçu rahatlığı, “Vyeçista”ya transferi seçdi və bunun müqabilində Polşa millisindən də dəvət aldı. Bu, peşəkar futbolun prinsipləri ilə mənə ziddiyyət təşkil edir. Həmçinin baş məşqçi Yan Urbanın futbolçuların seçimləri ilə bağlı fikirləri ilə də uyğun gəlmir.

Urban bildirmişdi ki, futbolçu Polşa çempionatına qayıdarsa, milli komandaya düşmək şansı olmayacaq. Onun Qətər və ya Səudiyyə Ərəbistanı liqalarını seçən futbolçularla bağlı fikirləri də buna bənzər idi. O, deyirdi ki, həmin liqalar çox uzaqdır və oradakı futbolçuları izləmək mümkün deyil”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…