Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.
Tezadlar.az xəbər verir ki, turnir iyunun 21-də Bakıda baş tutacaq. Tədbir UFC, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə əməkdaşlığı ilə təşkil olunacaq. Turnirin əsas qarşılaşmasında UFC yarımağır çəki dərəcəsinin keçmiş çempionu Camal Hill ilə Xəlil Raundtri Jr. üz-üzə gələcəklər. Məlumata görə, UFC prezidenti və baş icraçı direktoru Dana Uayt və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıblar. İmzalanma mərasimi UFC 314: Volkanovski – Lopes döyüşündən öncə, Mayami şəhərində keçirilib. Gecədə həmçinin digər maraqlı döyüşlər də yer alacaq. Onlardan biri də Kyoji Xoriquçinin UFC-yə qayıdışıdır. O, UFC tarixində ilk yaponiyalı çempion olmaq üçün mübarizə aparacaq. Onun rəqibi ən yüngül çəki üzrə reytinqində 10-cu yerdə olan Təğir Ulanbekov olacaq. Ulanbekov döyüşə Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır. Ağır çəki üzrə reytinqin 5-ci pilləsindəki Kördis Bleyds UFC -də debüt edəcək Rizvan Kunievlə qarşılaşacaq. Kuniev UFC-də adını təsdiqləməyi planlaşdırır. Digər döyüşlər aşağıdakılardır: İsmayıl Naurdiyev (Mərakeş) – Çunyonq Park (Cənubi Koreya) – orta çəki Hamdi Abdelvahab (ABŞ–Misir) – Məhəmməd Usman (ABŞ) – ağır çəki İrina Alekseyeva (Rusiya) – Klaudiya Siqula (Polşa) – bantam çəki Darya Jeleznyakova (Fransa–Rusiya) – Melisa Mallins (İngiltərə) – bantam çəki.