Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz rəqəmsal hökumətdə geriyə doğru addım atıldığını deyir.
Tezadlar.az xəbər verir ki, o bu barədə sosial media hesabında bildirib.
“Dövlət satınalmalarının rəqəmsallaşdırılması, xüsusilə eSatınalma portalının (
etender.gov.az) təkmilləşdirilməsi istiqamətində son illərdə müəyyən irəliləyişlər baş verib. Antiinhisar və İRİA bu sahədə bir sıra addımlar atıb və artıq satınalmalar elektron şəkildə həyata keçirilir.
Lakin bir müddət əvvəl araşdırma apararkən ciddi bir problemi qeyd etmişdim: tender iştirakçıları portal üzərindən tələb olunan bütün sənədləri elektron qaydada əldə edib sistemə yükləyə bilmirdilər.
Ən diqqətçəkən məqam isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) satınalma üçün vacib xidmətinin-inzibati cərimələrlə bağlı arayışın hələ də portala inteqrasiya olunmaması idi.
Nazirlik o zaman bu problemi aradan qaldırmaq üçün öz saytında həmin arayışın elektron əldə edilməsi imkanını yaratmışdı. Yəni sahibkar real vaxtda eSatınalma portalından deyil, heç olmasa Nazirliyin saytından həmin sənədi alıb portala yükləyə bilirdi. İndi məsələni yenidən araşdıranda həqiqətən çox təəccübləndim:
Nazirliyin saytındakı bu elektron xidmət də tamamilə dayandırılıb.
Artıq hüquqi şəxslər inzibati cərimələr haqqında arayışı nə eSatınalma portalından, nə də Nazirliyin öz saytından elektron şəkildə əldə edə bilmirlər. Bu arayışı almağın yeganə yolu – ƏƏSMN-in Dövlət Əmək Müfəttişliyi Xidmətinə kağız formada müraciət etməkdir”, – deyə ekspert diqqətə çatdırıb.
O, baş verənləri biabırçılıq adlandırıb:
“Bu isə , dövlət idarəetməsində geriyə doğru addımdır, yumşaq desəm biabırçı vəziyyətdir.
Həm də ölkənin ən çox rəqəmsal transformasiya olunan qurumunda belə bir absurd halın yaşanması çox düşündürücüdür. Normalda süni intellekt texnologiyalarının tətbiqi ilə bu cür arayışlara ümumiyyətlə ehtiyac qalmamalı idi. Sistem bütün məlumatları özü müəyyənləşdirməliydi. Bizdə isə əksinə olaraq, “yarımrəqəmsaldan” kağıza doğru geriyə dönüş baş verib.
Bir az araşdırdıqda ortaya belə bir mənzərə çıxır:
ƏƏSMN əslində xidməti rəqəmsallaşdırıb. Amma Antiinhisar Agentliyinin portalına inteqrasiya edə bilməyib.
Səbəb olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin arayışın elektron formada verilməsi üçün lazım olan məlumatları Məhkəmə-Hüquq Şurasından ala bilməməsi göstərilib.
Vəssalam, dairə qapanıb.
Bu səbəbdən Dövlət Əmək Müfəttişliyi Xidməti xidmətin elektron təqdimatını dayandırıb, xidmət Nazirliyin saytından da çıxarılıb və xidmətin təqdim edilməsi dədə-baba qaydasına keçirilib.
Rəqəmsal transformasiyaya və rəqəmsal hökumətə cavabdeh mərkəzi qurum – RİNN, İRİA mövcud olduğu halda belə uyğunsuzluqların baş verməsi anlaşılmazdır.
Əgər dövlət qurumu xidməti rəqəmsallaşdırıbsa, onun inteqrasiyası təmin olunmalıdır. Yoxsa bir qurumun “vermirəm”, digərinin isə “inteqrasiya edə bilmirəm” deməsi dövlət idarəçiliyinə yaraşan yanaşma deyil.
Daha pisi isə dövlət qurumlarının istədiyi an elektron xidmətləri bağlaması, aktivləşdirməsi, inteqrasiyadan çıxarmasıdır”.
Osman Gündüz paylaşımının sonunda İRİA-nın, ƏƏSMN-nın, Antiinhisar Agentliyinin və Məhkəmə-Hüquq Şurasının bu problemi qısa zamanda həll edəcəyinə, dövlət satınalmalarında rəqəmsal hökumət prinsiplərinə uyğun, fasiləsiz və tam rəqəmsal prosesin təmin olunacağına ümid etdiyini vurğulayıb.
JASMİN