Ötən gün paytaxtın “Badi-Səba” restoranında şair-publisist, yazıçı Əliheydər Qayıboğlunun sayca 9-cu olan “Sarışınım” kitabının təqdimatı, eyni zamanda onun ad günü tədbiri keçirildi.
***
Qısa haşiyə: Əliheydər Qayiboğlu (Babayev ) 1962-ci il aperlin 10-da Lənkəran rayonunun Biləsər kəndində anadan olub. Orta təhsilini doğma kəndində aldıqdan sonra təhsilini Azərbaycan Dovlət Pedaqoji İnstitutunda (indiki ADPU) davam etdirib. İxtisasca coğrafiya müəllimi olan Ə.Babayev bir müddət doğulub-böyüdüyü kəndin orta məktəbində müəllim kimi fəaliyyət göstərib.
Poeziyaya olan marağı hələ təhsil aldığı orta məktəb illərindən – 6-7-ci siniflərdə oxuyandan başlayıb. Dövri mətbuatda ilk şeirləri isə Lənkəranın mətbu orqanı olan “Leninçi“ qəzetində – 9-cu sinifdə oxuyarkən dərc olunub. Sonralar “Ulduz” jurnalında, “Ədəbiyyat və İncəsənət”, “Azərbaycan gəncləri”, “Sovet Kəndi”, “Kommunist”, “Yeni yol”, “Zaman və cəmiyyət”, “Azərbaycan müəllimi” və digər qəzetlərdə mütəmadi şəklidə dərc olunub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Oxucuların nəzərinə çatdıraq ki, Əliheydər müəllimin bədii yaradıcılığı yalnız şeir yazmaqla bitmir, o həm də “Sənsiz səninlə”, “Qeyri-adi qayıdış” romanlarıının müəllifi, “Qınama məni” romanının isə həmmüəllifidir.
Ə.Qayıboğlunun şeirləri qazax, özbək və rus dillərinə tərcümə olunub. Hazırda paytaxt məktəblərindən birində müəllim kimi fəaliyyətini davam etdirir.
***
Qeyd edək ki, tədbirdə tanınmış kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şeyx Əbdül (Mahmudov), Azərbaycanın məşhur teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Tariyel Qasımov, Azərbaycanın ünlü diktoru, eyni zamanda bədii qiraət ustası, Azərbaycan Respublikasının Xalq artisti Eldost Bayram, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, “Dədə Qorqud” Milli Fondunun yaradıcısı – prezidenti, ictimai xadim, mesenat, türkoloq Eldar İsmayılov, “Carçı” jurnalının rəhbəri, Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri Gülnarə xanım Əmirquliyeva, Bakı şəhəri Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə xanım Məmmədova, Dünya Azərbaycanlı Qadınların “Xan qızı Natavan” İctimai Birliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri Elmira xanım Məmmədova, RF-nin Rostov vilayətində azərbaycanlıların “Birlik” cəmiyyətinin prezidenti, “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, sahibkar – xeyriyyəçi Leyla xanım Əhmədova, xeyriyyəçi Hacı İntiqam Atayev və digər tanınmış şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, media nümayəndələri, elm və sənət adamları, mədəniyyət və incəsənət xadimləri, şairin dostları, kolleqaları iştirak edirdilər.
Çoxlu sayda insanın qatıldığı bu möhtəşəm tədbirin moderatoru musiqişünas, bədii qiraət ustası Nərgiz xanım Kərimova idi.
Öncə Əliheydər Qayıboğlu tədbirə təşrif gətirən qonaqları salamlayaraq minnətdarlıq etdi və bu gözəl görüşün təşkilində danılmaz zəhməti olan Gülnarə xanım Əmirquliyevaya təşəkkürünü bildirdi.
Daha sonra tədbir bir-birindən gözəl musiqi nömrələri, şairin şeirlərindən parçaların ifası, qonaqların təbrik nitqləri ilə davam etdirildi.
Gecənin dəvətlilərindən biri olaraq “Təzadlar” ailəsi adından biz də Əliheydər Qayıboğlunu həm ad günü, həm də “Sarışınım” kitabının nəşri münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
JASMİN