Əsas məzmuna keç

ELM VƏ TƏHSİL FƏDAİSİ: MİSİR MƏRDANOVUN BÖYÜK HƏYAT YOLU

(AMEA-nın müxbir üzvü, professor Misir müəllim Mərdanovun 80 illik yubileyinə)

 Bəzi insanları zaman bizdən uzaqlaşdırmır. Əksinə, illər keçdikcə onları daha yaxından tanıyırsan. Gənclikdə gördüyün bir insanın illər sonra keçdiyi həyat yoluna nəzər salanda anlayırsan ki, ilk baxışda adi görünən bir görüş, bir tanışlıq, bir auditoriya, bir müəllim obrazı əslində böyük bir ömür yolunun başlanğıc nöqtələrindən biri imiş. Misir Mərdanovu ilk dəfə tələbə olduğum 1972–1977-ci illərdə – Onun gənc riyaziyyatçı müəllim olduğu dövrdə tanımışam. O vaxt ağlımıza gəlməzdi ki, auditoriyada gördüyümüz həmin gənc riyaziyyatçı alim sonralar Azərbaycan təhsilinin ən yüksək idarəçilik pillələrinə yüksələcək, universitet rəhbəri, təhsil nazirinin müavini, rektor, təhsil naziri olacaq, dövlət idarəçiliyindən yenidən elmə qayıdaraq böyük bir elmi müəssisəyə rəhbərlik edəcək, professor, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü kimi Azərbaycan elm tarixində özünəməxsus iz qoyacaqdır.

İnsan ömrünün qəribə bir qanunu var: başlanğıcda qarşıda görünən yolun nə qədər uzun olduğunu heç kim bilmir.

1970-ci illərin əvvəllərində bizim qarşımızda gənc bir riyaziyyatçı müəllim-alim vardı. Bu gün isə həmin gəncin ömrünə səksən yaşın zirvəsindən baxırıq. Və mən bu gün o vaxtki gəncə – indiki Misir müəllimə baxanda ilk növbədə vəzifələri görmürəm. İlk növbədə insanı görürəm.

…Misir Mərdanovun həyat yoluna nəzər salanda insan istər-istəməz bir riyaziyyatçı dəqiqliyi ilə mərhələləri bir-birinin ardınca düzməyə başlayır. Göyərçin kəndindən başlayan həyatdan Bakı Dövlət Universitetinə…

Aspirantura, Gənc müəllim… Alim…Dosent…Professor…Dekan müavini…

Ali təhsil idarəsinin rəisi…Prorektor…Nazir müavini…Rektor…Təhsil naziri…

Elmi təşkilatçı…Riyaziyyat və Mexanika İnstitutunun rəhbəri…

Və nəhayət, bütün bu vəzifələrin fövqündə duran – ziyalı.

Amma insan ömrünü vəzifələrin siyahısına çevirmək olmaz. Çünki vəzifələr dəyişir, kabinetlərin qapıları bağlanır, titullar zamanla artır, sonra onların bir qismi keçmiş zaman formasında səslənir. İnsandan isə onun xarakteri qalır. Onun insanlara münasibəti qalır. Onun yetişdirdiyi insanlar qalır. Onun yazdığı kitablar, yaratdığı elmi mühit, qoruduğu dəyərlər qalır.

Misir müəllimin ömrünün məhz bu tərəfləri mənə daha doğma görünür.

***

DOSYE: 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın Göyərçin kəndində dünyamıza göz açan Misir Cumayıl oğlu Mərdanovun yolu adi bir kənd mühitindən Azərbaycan elminin və dövlət idarəçiliyinin yüksək mərhələlərinə qədər uzandı. Bu yolun ilk böyük dayanacaqlarından biri Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi oldu. O, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirdi. Ardınca aspirantura, elmi araşdırmalar və gənc alimlik dövrü gəldi. 1973-cü ildə “İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Həmin ildən universitetdə müəllim kimi fəaliyyət göstərməyə başladı. Məhz həmin illərdə çoxları kimi mən də onu tanıdım. O, bizləri tanımasa da belə. Deməli, mənim tanımağım onun həyatının hələ başlanğıc mərhələsinə təsadüf edib. Bu gün həmin tarixdən yarım əsrdən çox zaman keçib. Bu illər ərzində insan ömründə nə qədər hadisənin baş verdiyini təsəvvür etmək çətindir.

Bir dövlətin siyasi və ictimai həyatı dəyişir. Bir neçə nəsil universitetə gəlib gedir.

Tələbələr müəllim olurlar. Müəllimlər professor olurlar.

Bəziləri elmdən uzaqlaşır, bəziləri elmdə qalır.

Bəziləri isə elmə, təhsilə xidmət etməklə kifayətlənməyib onun təşkilatçısına çevrilirlər.

Misir müəllimin də şərəfli ömür yolu məhz belə oldu.

Riyaziyyat insanı intizama öyrədir. Orada artıq sözə yer yoxdur. Bir düsturun içindəki kiçik səhv bütün nəticəni dəyişə bilər. Bir məntiqi halqanı buraxdınsa, sonrakı nəticələr öz əhəmiyyətini itirə bilər.

Misir Mərdanovun həyat yolunda da riyaziyyatçı düşüncəsinin dəqiq izlərini görmək mümkündür.

Onun elmi fəaliyyəti optimal idarəetmə nəzəriyyəsi, variasiya hesabı, gecikmələri və məhdudiyyətləri olan optimal proseslər kimi mürəkkəb istiqamətlərlə bağlıdır. Elmi yaradıcılığında optimal proseslərin tədqiqi, Pontryaginin maksimum prinsipi, zəruri və kafi optimallıq şərtləri, diskret sistemlər və digər problemlər mühüm yer tutur. Amma məncə, Misir müəllimin həyatındakı ən böyük “optimal idarəetmə” yalnız riyazi formulalarda deyil. Onun öz ömrünü ən yaxşı şəkildə idarə etməsindədir. Çünki onun həyatının müxtəlif mərhələlərində istiqaməti dəyişsə də, əsas məqsədi dəyişmədi:

Elm. Təhsil. İnsan. Dövlətə və xalqa xidmət…

misir merd

Təbii ki, gənc müəllimlikdən elm təşkilatçısına gedən yol bir gündə yaranmadı. 1970-ci illərdə universitet auditoriyalarında mühazirələr oxuyan, analitik həndəsə, diferensial həndəsə və optimal idarəetmənin riyazi üsullarını tədris edən gənc alim zamanla elmi və təşkilati baxımdan daha böyük məsuliyyətlər daşımağa başladı. 1978–1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini kimi fəaliyyət göstərməsi onun idarəçilik qabiliyyətinin ilk mühüm mərhələlərindən biri idi. Daha sonra dövlət idarəçiliyi səviyyəsində ali təhsil məsələləri ilə məşğul oldu, Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrində çalışdı. 1992–1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1996–1998-ci illərdə isə universitetin rektoru oldu.

Beləliklə, auditoriyadan idarəçilik masasına, idarəçilik masasından universitet rəhbərliyinə gedən yol formalaşdı. Sonra isə daha böyük məsuliyyət gəldi.

Azərbaycan Respublikasının Təhsil Naziri. 1998-ci ildən 2013-cü ilədək – təxminən on beş il.

On beş il bir insanın həyatında çox uzun müddətdir. Amma bütöv bir ölkənin təhsil sisteminin məsuliyyətini daşımaq baxımından bu, sadəcə zaman ölçüsü deyil. Bu, tarixdir.

Həmin illərdə Azərbaycan təhsil sistemi müxtəlif dəyişikliklərdən, islahat proseslərindən, yeni tələblərdən keçirdi. Təhsil siyasətinin formalaşdırılması, məktəb və ali təhsil məsələləri, müəllim əməyinin qiymətləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, təhsil tarixinin sənədləşdirilməsi kimi çoxsaylı istiqamətlərdə işlər aparıldı. Misir Mərdanovun bu dövrdəki fəaliyyətinin miqyasını yalnız nazir kürsüsü ilə ölçmək düzgün olmaz. Çünki o, nazirlikdən çıxanda da təhsil məsələləri ilə yaşamaqda davam etdi.

Elmi fəaliyyət və alimlik. Mənim üçün Misir müəllimin həyatındakı ən maraqlı məqamlarından biri budur: O, dövlət idarəçiliyində də elmini və alimliyini davam etdirdi.

Elm mühitindən biraz uzaqlaşsa da, elmi düşüncəsindən uzaqlaşmadı.

Nazir oldu, amma müəllim və alim olaraq qaldı.

Rəhbər oldu, amma insanlarla münasibətdə əsl qayğıkeş insan olaraq qaldı.

Bəlkə də onun cəmiyyət tərəfindən bu qədər çox sevilməsinin əsas səbəblərindən biri elə budur.

İnsanlar onu “özlərindən biri” hesab edirlər. Bu ifadənin arxasında böyük məna var.

İnsanların özününkü hesab etdiyi şəxs yalnız vəzifəsi olan adam deyil. O, insanların sevincinə və qayğısına toxunan adamdır. Onların sözünü eşidən adamdır. Əməkdaşının əməyini görən adamdır. Tələbəsinin taleyinə biganə qalmayan müəllimdir. Gənc alimin yoluna maneə deyil, imkan yaratmağa çalışan rəhbərdir. Ailə dəyərlərinə hörmət edən insandır. Və bütün bunların içində özünü böyük göstərməyə ehtiyac duymayan ziyalıdır.

Mən Misir müəllimdə bu keyfiyyətlərin çoxunu illər ərzində müşahidə etmişəm.

…Akademik mühit insanı başqa cür tanıdır. Kabinetdə, tədbirdə, rəsmi görüşdə gördüyün insanla gündəlik münasibətlərdə tanıdığın insan eyni olmaya bilər. Mən Misir Mərdanovu akademik mühitdə daha yaxından tanıdıqca onu daha çox sevdim və hörmət etdim. Çünki alim haqqında ən doğru təsəvvür yalnız onun elmi tituluna baxmaqla yaranmır. Alimi onun həmkarlarına münasibəti göstərir. Rəhbəri əməkdaşına münasibəti göstərir. Müəllimi tələbəsinə münasibəti göstərir. İnsanı isə özündən asılı olmayan insanlara münasibəti göstərir.

Misir müəllimdə mən həmişə zəhmətkeşlik, qayğıkeşlik, diqqətcillik və mehribanlıq görmüşəm. Bu xüsusiyyətlər bəzən bizə onun elmi titullardan daha qiymətlidir. Çünki titul insana verilə bilər. Amma xarakter insanın öz əməyinin nəticəsidir.

***

Misir Mərdanovun elm təşkilatçısı kimi fəaliyyəti də ayrıca bir məktəbdir. 2013-cü ildən Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etməsi onun həyatında yeni bir mərhələ açdı. Bir zamanlar gənc müəllim kimi daxil olduğu elmi dünyanın bu dəfə rəhbəri kimi qayıtdı. O, institut direktoru kimi fəaliyyətini 2013-cü ildən davam etdirdi, 2017-ci ildə isə riyaziyyat ixtisası üzrə AMEA-nın müxbir üzvü seçildi.

Bu, həyatın maraqlı paradoksudur. İnsan bəzən başladığı yerə qayıdır. Amma eyni insan kimi yox.

Arxasında illərin təcrübəsi, minlərlə insanla münasibət, böyük idarəçilik təcrübəsi, uğurlar və çətinliklər, qazandığı dostlar, yetişdirdiyi alimlər və topladığı elmi irs dayanır. Misir müəllimin elmə qayıdışı da belə bir qayıdışdır. O, artıq yalnız tədqiqatçı deyil, elmi mühiti yaradan təşkilatçıdır.

Onun kitabları da ayrıca bir ömür salnaməsidir. Riyaziyyat üzrə monoqrafiyalar, dərsliklər, təhsil tarixinə dair fundamental əsərlər, Azərbaycan təhsilinin müxtəlif mərhələlərini əks etdirən nəşrlər…

“Azərbaycan Təhsil Tarixi”nin dörd cildlik fundamental nəşri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.     Çünki təhsil tarixini yazmaq, əslində, xalqın intellektual tarixini yazmaqdır.

Bir ölkənin təhsil tarixində məktəb var. Müəllim var. Tələbə var. Universitet var. Elm var. Maarifçilik var. İnsan taleləri var.

Deməli, təhsil tarixini yazan adam sadəcə keçmişi toplamır. O, gələcəyə yaddaş ötürür.

Misir Mərdanovun bu istiqamətdəki fəaliyyətinin dəyəri də məhz bundadır. Onun “Azərbaycan Təhsil Tarixi” kimi fundamental işləri, Azərbaycan təhsil nazirləri, təhsil siyasəti, müəllim qurultayları və digər istiqamətlərdəki əsərləri təhsil tarixinin sistemləşdirilməsinə xidmət edir. Riyaziyyat tarixinə dair “Azərbaycan riyaziyyatının sələfləri” kimi əsərləri də milli elmi yaddaşın qorunması baxımından əhəmiyyətlidir. Bu mənada Misir müəllim yalnız elm yaradan alim deyil. O, elm tarixini qoruyan və inkişaf etdirən alimdir.

…Mənim üçün xüsusilə maraqlı olan bir başqa cəhət də budur ki, Misir müəllim özü tarixə çevrilə-çevrilə tarixi yazdı. Onun həyatında Azərbaycan elm və təhsilinin müxtəlif mərhələləri bir-birinə toxunur. Sovet dövrünün universitet auditoriyası. Müstəqilliyin ilk illərinin mürəkkəb təhsil mühiti. Dövlət təhsil siyasətinin yeni mərhələsi. Sonrakı illərin elmi islahatları.

…Rəqəmsallaşan dünya. Yeni elmi çağırışlar. Süni intellekt. Və bütün bunların içində dəyişməyən bir həqiqət: Elm insana xidmət etməlidir. Təhsil insanı gələcəyə hazırlamalıdır.

Misir müəllimin elmi fəaliyyəti rəqəmlərlə də böyükdür. O, riyaziyyat üzrə monoqrafiyaların, çoxsaylı elmi məqalələrin, məktəb dərsliklərinin və təhsil mövzusunda çoxsaylı əsərlərin müəllifidir. O, həmçinin bir sıra elmi jurnalların redaksiya heyətlərində fəaliyyət göstərib və elmi nəşrlərin təşkilinə rəhbərlik edib. Amma mən onun yaradıcılıq irsinin ən böyük rəqəmini kitab və məqalələrin sayında görmürəm. Ən böyük rəqəm onun yetişdirdiyi insanlardır. Çünki alimin əsəri kitabxanada qala bilər. Amma yetişdirdiyi insan başqa insan yetişdirir. Beləcə elm nəsildən-nəslə keçir. Bu, alimin görünməyən, lakin ən böyük mirasıdır.

Misir müəllimin başqa bir xüsusiyyəti də onun elmi-publisistik fəallığıdır. O, yalnız ixtisasının dar çərçivəsində qapanıb qalmayan ziyalılardandır. Mətbuatda fikir bildirir. Elm və təhsil məsələlərinə münasibətini ifadə edir. İctimai proseslərə biganə qalmır. Müasir informasiya məkanında fəallığını qoruyur.

Bu, mənim üçün təsadüfi deyil. Əsl ziyalı cəmiyyətlə danışmalıdır. Elm kabinetdə qapalı qaldıqca öz sosial missiyasının bir hissəsini itirir. Alim cəmiyyətə elmin dilini, cəmiyyət isə alimə zamanın suallarını gətirir. Misir müəllim uzun illərdir onların arasında körpü olmağa çalışır.

Onun dövlət tərəfindən aldığı yüksək təltiflər də bu böyük yolun müxtəlif mərhələlərinə verilmiş qiymətdir. “Əməkdar elm xadimi” fəxri adı, “Qızıl qələm” media mükafatı, “Şöhrət” ordeni, “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adı və 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni onun elmi, pedaqoji, ictimai və dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətlər sırasındadır. Amma yubiley günündə insanın aldığı mükafatların siyahısını oxumaq asandır. Əsl qiyməti isə başqa yerdə axtarmaq lazımdır. İnsanların yaddaşında. Həmkarlarının münasibətində. Tələbələrinin xatirəsində. Dostlarının söhbətində. Ailəsinin sevgisində.

Və illər sonra onun haqqında danışan insanların səsində. Məncə, ən böyük mükafat budur.

Səksən yaş… Bu rəqəm sadəcə yaş deyil. Bu, bir əsrin böyük hissəsini görmək deməkdir.

Bu, dəyişən dünyaya şahid olmaq deməkdir. Bu, bir neçə nəsil insanı tanımaq deməkdir.

Bu, öz tələbələrinin professor olduğunu, onların da tələbələr yetişdirdiyini görmək deməkdir.

Bu, vaxtilə gənc müəllim kimi girdiyin auditoriyalara illər sonra başqa gözlə baxmaq deməkdir.

Mən isə özüm üçün bu səksən ilin başqa bir hesabını aparıram. 1973-cü ildən bu yana…

Mənim Misir müəllimi tanıdığım dövrdən yarım əsrdən artıq vaxt keçib. O zaman o, gənc müəllim idi. İndi 80 yaşlı professor, alim, elm təşkilatçısı, ictimai xadim, ziyalıdır.

Amma maraqlıdır: İllər keçsə də, mənim yaddaşımda o gənc müəllimlə bugünkü Misir müəllim arasında qəribə bir daxili oxşarlıq qalır. Zəhmətsevərlik.Elm sevgisi.

İnsanlara münasibətdə səmimiyyət. İşə məsuliyyət… Və yorulmaq bilməyən fəaliyyət.

Bəlkə də insanın əsl yaşı təqvimdə yazılan rəqəm deyil. Əsl yaş onun içində qoruduğu mənəvi enerjidir. Bu mənada Misir müəllim hələ çox gəncdir. Çünki onun elmlə, təhsillə, cəmiyyətlə, dövlətlə, insanlarla münasibətində heç bir yorğunluq görünmür.

Misir müəllimə baxanda mən bir insanın həyatının necə çoxşaxəli ola biləcəyini düşünürəm.

Bir insan həm riyaziyyatçı alim ola bilər. Həm müəllim. Həm professor.

Həm universitet rəhbəri. Həm dövlət xadimi. Həm elm təşkilatçısı.

Həm publisist. Həm də ailə dəyərlərinə bağlı, insan qayğısını unutmayan sadə və səmimi bir ziyalı insan.

Bu keyfiyyətlərin hamısını bir şəxsiyyətdə birləşdirmək asan deyil.

Bəlkə də buna görə Misir Mərdanovun həyat yolu yalnız şəxsi bioqrafiya deyil. O, Azərbaycan elm və təhsil tarixinin müəyyən bir dövrünün canlı salnaməsidir.

Bu gün mən onu yubiley münasibətilə təbrik edərkən yalnız keçmişə baxmaq istəmirəm. Əksinə, qarşıdakı illərə baxmaq istəyirəm. Çünki səksən yaş elm adamı üçün hələ nədir ki?!.

Bəzən həyatın bu mərhələsi insanın topladığı təcrübəni daha böyük mənəvi sərvətə çevirdiyi dövrdür.

 Arzu edirəm ki, Misir müəllimin qarşıdakı illəri də yeni elmi əsərlərlə, yeni ideyalarla, yeni tədqiqatçılarla, yeni kitablarla, yeni münasibətlərlə zəngin olsun.

Arzu edirəm ki, rəhbərlik etdiyi elmi mühitdə gənc alimlərin uğurlarını görmək ona yeni sevinc gətirsin.

Arzu edirəm ki, bir zamanlar özü gənc müəllim kimi gördüyü elm yolunda indi gənclərin necə irəlilədiyinin şahidi olsun.

Arzu edirəm ki, onun yazdığı tarixə yeni səhifələr əlavə olunsun.

Və ən başlıcası…

Arzu edirəm ki, insanlarla münasibətdə qazandığı o böyük mənəvi sərvət daha da artsın. Çünki insanın ən böyük sərvəti nə kitablarının sayı, nə titullarının çoxluğu, nə də tutduğu vəzifələrin böyüklüyüdür. Ən böyük sərvət onun haqqında insanların ürəyində qalan fikirdir.

Misir müəllim haqqında mənim ürəyimdə qalan fikir isə çox sadədir:

O, əsl insandır. Alimdir. Ziyalıdır. Dövlət xadimidir. Elm-təhsil təşkilatçısıdır.

Amma bütün bunlardan əvvəl və bütün bunların fövqündə duran ZİYALI  İNSANDIR!!!

Əziz Misir müəllim! Sizi səksən illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizi 1970-ci illərdə — gənc müəllim kimi tanıdığım insanla bu gün, səksən yaşınızın zirvəsindəki böyük alim arasında yarım əsrdən artıq zaman dayanır.

Bu zaman ərzində Siz çox yol keçmisiniz. Auditoriyadan elmi kürsüyə,elmi kürsüdən rəhbərliyə, rəhbərlikdən dövlət idarəçiliyinə, dövlət idarəçiliyindən yenidən elmə…

Amma bu böyük yolun bütün mərhələlərində Sizi birləşdirən bir xətt olub: ELMƏ, TƏHSILƏ VƏ INSANA XIDMƏT.

Bu, hər kəsə nəsib olan yol deyil. Bu, ömrünü mənalı yaşamaq istəyənlərin yoludur.

Sizə bundan sonrakı həyat yolunuzda möhkəm cansağlığı, ailə səadəti, könül rahatlığı, yeni elmi uğurlar, yaradıcılıq enerjisi və uzun ömür arzulayıram.

Qoy övladlarınızın, nəvələrinizin, tələbələrinizin, həmkarlarınızın uğurları Sizə hər zaman sevinc gətirsin.

Qoy rəhbərlik etdiyiniz elmi ocaqda yeni nəsil alimləri Sizi sevindirsin.

Qoy yazdığınız kitablar kimi, yetişdirdiyiniz insanlar da Sizin adınızı gələcəyə daşısınlar.

Qoy 80 yaşınız həyat kitabınızın yeni bir fəslinin başlanğıcı olsun!

Sizi gənclik illərindən tanıyan bir insan kimi deyə bilərəm: Sizin ən böyük əsəriniz yalnız yazdığınız kitablar deyil. Sizin ən böyük əsəriniz – özünüzdən sonra qoyduğunuz insanlardır.

Elm-təhsil yolunuz işıqlı, ömrünüz uzun, könlünüz rahat, ailəniz xoşbəxt, qələminiz iti, düşüncəniz daim aydın olsun!

Qoy bundan sonrakı illəriniz də əvvəlki illəriniz kimi Azərbaycan elminə, təhsilinə və insanlarına xidmətlə dolu olsun.

Sizə çoxlu, çoxlu xoş arzularım var, Misir müəllim!

80 illik yubileyiniz mübarək olsun!

Əlövsət Qaraca ƏLİYEV,

professor

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…