Ermənistan de-fakto olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) artıq tərk edib.
Bu barədə KTMT-nin Baş katibi Taalatbek Masadıkov məlumat verib.
“Biz sənədləri dövlətlərin daxili baxışına göndəririk. Ermənistana da hər şeyi göndəririk. Və hər bir məsələ ilə bağlı belə bir cavab alırıq ki, Ermənistan tərəfi müzakirələrdə və ya qərarların qəbulu prosesində iştirak etmir, lakin qərarların məhdud formatda qəbul edilməsinə də etiraz etmir”, -deyə Taalatbek Masadıkov qeyd edib.
Həmçinin əlavə edib ki, İrəvan KTMT-nin əsas fəaliyyətlərində, o cümlədən hərbi təlimlərdə iştirak etmir, lakin təşkilatın işinə maneçilik də törətmir.
“Başqa sözlə, onlar işimizə mane olmurlar; iş davam edir və biz qərarlar qəbul edirik. Onlar həftəlik məruzələri dinləyirlər, lakin əsas fəaliyyətlərimizdə, təlimlərdə və bu kimi digər tədbirlərdə iştirak etmirlər. Buna görə də hesab edirəm ki, bu, (KTMT Nizamnaməsinin) 25-ci maddəsinə uyğun gəlir. Prinsipcə, onlar artıq faktiki olaraq öz istəkləri ilə təşkilatdan çıxıblar”, – – Təşkilatın Baş katibi vurğulayıb.
JASMİN







