Almaniyada (Berlində) yaşayan tanınmış şair və yazıçı, Almaniya-Azərbaycan Muğam Mərkəzinin rəhbəri Abdulkadir İnaltəkin Xocalı şəhidliyini dərin hüznlə xatırlayaraq “Təzadlar”a bildirdi ki, bu faciə heç vaxt unudulmayacaq: “Xocalıda insanlıq əleyhinə qətliam və cinayətlər törədilib. Bu faciə soyqırımdır, Ermənistanın o vaxtkı siyasi və hərbi rəhbərliyi cavab verməlidir… Təsəllimiz budur ki, o nahaq qan yerdə qalmadı, o faciəni törədənlərin, Qarabağ yurdumuzu viran qoyanların bir qismi hazırda Bakıda məhkəmə qarşısında dindirilir. Xocalıya ədalət olmalıdır, bu əməl Beynəlxalq məhkəmələrdə hüquqi qiymətini almalı, soyqırım kimi tanınmalıdır…”.
Dəyərli Abdulkadir bəy şəhidlərimizə Allahdan rəhmət diləyərək Qarabağ haqqında şeirini təqdim edib Azərbaycan xalqına Berlindən dərin hüznlə başsağlığı verdi:
“Əziz qardaşlarım, Qarabağ şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onların əziz xatirəsinə “Qarabağda qaldı” şeirimi ithaf edirəm:
QARABAĞDA QALDI
Ürək yara, könül xəstə,
Dözüm, Qarabağda qaldı.
Əriyirəm asta-asta,
Buzum Qarabağda qaldı.
Yox axtarıb, soruşanım,
Unuduldu şöhrət, şanım.
Həyif, yerdə qaldı qanım,
Sözüm Qarabağda qaldı.
Söndü alovum, ocağım,
Dağa dönüb, sinə dağım,
Yaddan çıxdı Qrabağım,
Gözüm Qarabağda qaldı.
Həy baxıram, uzaqlara,
Xəyallarım gədib hara?
Sinəm üstdə qanlı yara,
Sızım Qarabağda qaldı.
Yağdı yenə qar bağlara,
Durub gəlmir yar bağlara.
Yayda düşüb xar bağlara.
Yazım Qarabağda qaldı.
Son görüşdü; halallaşdı,
Asda-asda uzaqlaşdı,
Gözden itdi, dağdan aşdı;
Quzum Qarabağda qaldı.
Röya kimi gəldi, getdi,
Heyalımda qaldı, getdi,
O can şəhid oldu getdi;
İzim Qarabağda qaldı”.
A.Məmmədli