“Paşinyanın hakimiyyətə niyə gətirildiyi, ABŞ və Qərbin onu nə üçün dəstəklədiyi məsələsinə aydınlıq gətirmək lazımdır. Paşinyan təsadüfən hakimiyyətə gətirilməyib, məqsədyönlü şəkildə bu vəzifəyə yüksəldilib. Məqsəd Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək və Ermənistanın gələcək siyasi kursunu Qərbə yönəltməkdir. Paşinyan bu illər ərzində həmin siyasəti həyata keçirməyə çalışır. Paşinyanın qarşısında qoyulan məsələlərdən biri qısa müddətdə Rusiya platformalarından uzaqlaşmaqdır. Yəni həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də Avrasiya İqtisadi İttifaqından uzaqlaşmaq və Qərbə yönəlmiş siyasi kursu sürətlə inkişaf etdirməkdir. Paşinyan açıq şəkildə bildirib ki, Ermənistan Avropa İttifaqına inteqrasiya etmək istəyir. Belə olan halda, Rusiya ilə əlaqələrin zəifləməsi prosesi başlayır. Ermənistanın Avropa İttifaqına inteqrasiyasından sonra növbəti addımın ölkənin NATO blokuna daxil edilməsi olması ehtimalı var. Paşinyan Avropa İttifaqına inteqrasiya etmək üçün Ermənistanın gələcək iqtisadi və təhlükəsizlik baxımından təminat əldə etməsinə imkan verəcək real addımlar atmalıdır. Bildiyiniz kimi, Ermənistan iqtisadiyyatı Rusiya bazarından asılıdır. İxrac əməliyyatları, xüsusilə də enerji sektoru Rusiya ilə sıx bağlıdır”. Bu fikirləri tezadlar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının ölkəsinin gələcək dövlətçiliyinin möhkəmlənməsində mühüm rol oynayacağını bildirib. Onun sözlərinə görə, bu sənədin imzalanması Ermənistan dövlətçiliyinin uzunmüddətli mövcudluğu üçün əsas yaradacaq.
Siyasi şərhçi qeyd edib ki, Rusiyanın təsir dairəsindən uzaqlaşmağa çalışan Paşinyan Ermənistanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışır. “Gələcəkdə Rusiya Ermənistana qaz və yanacaq təchizatı ilə bağlı məhdudiyyətlər qoyarsa, Ermənistan bu məsələdə Azərbaycanın imkanlarından istifadə etmək istəyəcək. Bunun səbəblərindən biri də Ermənistanın İranla münasibətlərinin getdikcə soyuması və İrana qarşı sanksiyalara qoşulmaq niyyətidir. Belə olan təqdirdə, Ermənistan Azərbaycanla münasibətlərini mütləq şəkildə yaxşılaşdırmalıdır ki, gələcəkdə həm qaz, həm də neft və neft məhsullarının tədarükünü Azərbaycan vasitəsilə həyata keçirə bilsin. İkinci məsələ Ermənistanın Avropa bazarlarına çıxışıdır. Bunun üçün Ermənistan Türkiyə ilə münasibətlərini də qaydaya salmalı və sərhədlərin açılmasına nail olmalıdır. Ermənistanla Türkiyə arasında sərhədlərin açılması prosesi isə müəyyən mənada Azərbaycanla münasibətlərin normallaşdırılmasından keçir. Bu baxımdan, Paşinyanın verdiyi bəyanatlar ilk baxışdan onu sülhpərvər bir insan kimi göstərsə də, məqsəd Ermənistanı Qərbə və NATO-ya yaxınlaşdırmaq, Avropa İttifaqının, eləcə də digər Qərb strukturlarının dəstəyini əldə etdikdən sonra öz siyasətini həyata keçirməkdir. Ermənistan Avropa İttifaqının və NATO-nun dəstəyini aldıqdan sonra Azərbaycana qarşı fərqli siyasət yürüdə bilər. Ermənistan tarixən etibarsız davranışlar nümayiş etdirib. İstər Osmanlı dövründə, istər Çar Rusiyası dövründə, istər Sovet İttifaqı dövründə, istərsə də indiki mərhələdə bunun müxtəlif nümunələri olduğunu düşünürəm. Azərbaycan Ermənistanla münasibətlərdə dəfələrlə xoş niyyət nümayiş etdirib, lakin qarşılığında xəyanətlə üzləşdiyini hesab edir. Buna görə də Ermənistanın gələcək addımlarına ehtiyatla yanaşmaq lazımdır. Hazırkı keçid dövründə Paşinyan özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışır. Hətta Azərbaycandakı bəzi ekspertlər də onun sülhə doğru addımlar atacağını düşünürlər. Əslində isə bu yanaşma tamamilə yanlış ola bilər. Paşinyan hazırkı mərhələdə özünü mülayim və sülhpərvər göstərməklə mövcud vəziyyətdən çıxmağa çalışır. Ermənistan Avropa İttifaqının, NATO-nun və ABŞ-nin dəstəyini tam əldə etdikdən sonra Azərbaycana qarşı yeni təzyiq kampaniyalarının şahidi ola bilərik. Unutmamalıyıq ki, Ermənistanın sürətlə silahlanma siyasəti davam edir. Bu silahlanmanın kimə qarşı hesablandığı sualı yaranır. Təbii ki, burada Azərbaycan üçün mümkün təhlükələr nəzərə alınmalıdır. Ümumilikdə, erməni cəmiyyətində böyük Ermənistan ideyasının tamamilə aradan qalxdığını söyləmək olmaz. Azərbaycana, eləcə də türk xalqlarına qarşı düşmənçilik düşüncələrinin müəyyən dairələrdə hələ də mövcud olduğu iddia edilir. Belə olan təqdirdə, Ermənistanı təzyiq altında saxlayaraq, qonşularla dinc yanaşı yaşamaq prinsipinin ölkənin siyasi düşüncəsində həqiqətən formalaşdığına əmin olmadan arxayınlaşmamalıyıq. Çünki Ermənistan dövləti 1918-ci ildə elan edilərkən təxminən 9 min kvadratkilometr əraziyə malik idi. Sonrakı dövrlərdə ölkənin ərazisi genişlənərək təxminən 29 min kvadratkilometrə çatıb. Bu prosesdə Azərbaycan torpaqlarının da Ermənistanın nəzarətinə keçdiyini nəzərə alaraq, gələcəkdə ərazi iddialarının yenidən gündəmə gətirilməsi ehtimalını istisna etmək olmaz. Ona görə də tarixdə baş verən hadisələri Ermənistanla münasibətlərdə diqqətdə saxlamalıyıq. Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə ölkəmizə vurduğu zərərə görə təzminat ödənilməlidir. Ermənistanın işğal dövründə törətdiyi mina terroru nəticəsində zərər çəkən insanların hüquqları qorunmalı və onlara dəymiş zərərin ödənilməsi məsələsi gündəmdə saxlanılmalıdır. Soyqırımı məsələsi ilə bağlı da Ermənistanın rəsmi mövqeyi və məsuliyyəti məsələsinin diqqətdə saxlanılması vacibdir. Azərbaycanın tarixi torpaqları hesab edilən Gəncə, Göyçə və Zəngəzurla bağlı tarixi məsələləri də unutmamalı və gündəmdə saxlamalıyıq. Burada söhbət təkcə Paşinyandan getmir. Bu gün Paşinyan hakimiyyətdədir, sabah onun yerinə başqa bir erməni siyasətçi gələrsə, ölkənin siyasi kursu 180 dərəcə dəyişə bilər. Buna görə də Ermənistanın addımlarına münasibətdə ehtiyatlı olmaq lazımdır. Ermənistan cəmiyyətində qonşularla dinc yanaşı yaşamağa əsaslanan yeni siyasi düşüncə formalaşmayana qədər bu ölkəyə münasibətdə həddindən artıq arxayınlaşmaq olmaz. Paşinyan hazırda addım-addım hərəkət edir və düşdüyü vəziyyətdən çıxmaq üçün müəyyən tədbirlər görür. Sülh bəyanatları verməklə gələcəkdə Azərbaycanın enerji resurslarından istifadə etmək və öz enerji təhlükəsizliyinə təminat almaq məqsədilə münasibətləri yaxşılaşdırmağa çalışır. ABŞ və Qərb Ermənistan qarşısında qoyduğu məqsədlərin uğurla həyata keçirilməsində maraqlıdır. Ermənistan Rusiya platformalarından uzaqlaşdıqdan sonra enerji təhlükəsizliyini Azərbaycan vasitəsilə təmin etmək niyyətində ola bilər. Bu baxımdan, rəsmi İrəvan regionda sülh şəraiti yaratmağa çalışır. Çünki Rusiya ilə əlaqələr zəiflədikdən sonra Ermənistanın iqtisadi və siyasi vəziyyəti daha da ağırlaşa bilər. Buna görə də Azərbaycanla münasibətlərin yaxşı olması zərurətini indidən hiss edir və bu istiqamətdə bəyanatlar verir. Ümumilikdə, Ermənistanın apardığı siyasət regionda sabitliyi poza biləcək xarakter daşıyır. Qərb Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışa bilər. Çünki Qərbin əsas məqsədlərindən biri Cənubi Qafqazın hər üç ölkəsini öz təsir dairəsinə salmaq və Rusiyanın regiondakı mövqelərini zəiflətməkdir. Gürcüstanın baş naziri də Avropanın Gürcüstana təzyiq göstərərək onu Rusiya ilə qarşıdurmaya cəlb etmək istədiyini açıq şəkildə bəyan edib. Gürcüstan rəsmilərinin bu istiqamətdəki açıqlamaları regionda geosiyasi rəqabətin mövcudluğunu göstərir. Ermənistan isə hazırda Qərbin təsir imkanlarının artdığı ölkələrdən biridir. Cənubi Qafqazın digər aparıcı dövləti olan Azərbaycana Ermənistan üzərindən təzyiq göstərilməsi ehtimalı da nəzərə alınmalıdır. Ermənistan Qərbin təsir dairəsində daha da möhkəmləndikdən sonra bu mexanizm yenidən gündəmə gələ bilər. Bu baxımdan, Ermənistanın addımlarını diqqətlə izləmək və ölkənin regiondakı siyasətinə münasibətdə ehtiyatlı davranmaq lazımdır. Paşinyanın həyata keçirdiyi siyasət qlobal güclərin maraqlarının toqquşmasına səbəb ola bilər. Bu maraqların toqquşması regionda sabitliyin pozulmasına gətirib çıxara, nəticələri digər dövlətlərə də təsir göstərə bilər. Ermənistanın apardığı siyasət artıq Rusiya rəsmiləri tərəfindən də tənqid olunur. Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanın Ukraynanın yolu ilə getdiyinə dair açıqlamaları da Moskva ilə İrəvan arasında münasibətlərin gərginləşdiyini göstərir. Əgər Ermənistan Avropa İttifaqına inteqrasiya etdikdən sonra NATO blokuna daxil olmaq istiqamətində addımlar atarsa, bu, Rusiyanın strateji maraqlarına zidd olacaq. Rusiya Ermənistanın bu siyasətini qəbul etməyə bilər. Nəticədə iki ölkə arasında gərginlik yarana və bu gərginlik region dövlətlərinə iqtisadi və siyasi baxımdan təsir göstərə bilər. Münaqişələr və geosiyasi qarşıdurmalar yalnız tərəflərlə məhdudlaşmır, qonşu ölkələrə də təsir edir. Ukraynada baş verən hadisələrin Avropaya təsir göstərməsi və qitənin iqtisadi-siyasi sistemində ciddi dəyişikliklər yaratması bunun nümunəsidir. Bu baxımdan, Paşinyanın apardığı siyasət regionda sabitliyin pozulması riskini artıra bilər. Paşinyanın Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair verdiyi bəyanatlar isə hazırkı şəraitdə daha çox taktiki xarakter daşıya bilər. Ermənistanın gələcəkdə hansı siyasəti yürüdəcəyini müəyyən etmək üçün yalnız bəyanatlara deyil, konkret addımlara, öhdəliklərin yerinə yetirilməsinə və regionda real sülhün təmin olunmasına yönələn fəaliyyətə diqqət yetirmək lazımdır”.





