Estoniyanın Mühafizəkar Xalq Partiyasının lideri Martin Helme hökumətin Estoniya hərbçilərini Ukraynaya göndərmək planlarını tənqid edib. Əvəzində, siyasətçi diqqəti hərbi yaşda olan ukraynalı qaçqınların vətənlərinə qaytarılmasına yönəltməyi təklif edib.
Tezadlar.az xəbər verir ki, bu barədə ERR Teleradio Şirkəti məlumat yayıb.
Helme qeyd edib ki, hazırda Estoniyada səfərbərliyə yararlı 10 minə yaxın Ukrayna vətəndaşı var. Onun fikrincə, prioritet Estoniya hərbçilərini göndərməkdənsə, onların Ukraynaya qayıtmasının asanlaşdırılması olmalıdır.
“Niyə biz Ukraynanın geri qaytarmasını xahiş etdiyi şəxsləri ora göndərmirik, əvəzində özümüzünküləri göndəririk? — Helme Estoniya baş nazirinin Ukraynaya qoşun yeritməyə hazır olması ilə bağlı sözlərini şərh edib.
Xatırladaq ki, Slovakiyanın baş naziri Robert Fiko bəyan etmişdi ki, Estoniya etibarlı razılaşmaların olmasına baxmayaraq, hökumət təyyarəsinin öz hava məkanından uçmasına icazə verməkdən imtina edib.
E.ŞİRİNOV