Əsas məzmuna keç

Əvəzin üzündə, gözündə, əllərində balaca bir ümid axtarırdım, amma tapa bilmirdim…

…Əvəz Zeynallıya baş çəkdim. Mən həmişə onun yanında olmuşam. Amma bu gün hiss elədim ki, daha onun yanında dayana bilmirəm. Çünki o məndən uzaqlaşır. Nəfəs-nəfəs, səs-səs uşaqlaşır. Mən tez-tez nəfəs alıram, amma o ağır-ağır nəfəs alır. Mən rahat danışa bilirəm, amma o danışa bilmir, bir dəqiqənin içində özünü toparlayıb güclə bir-iki kəlmə söz deyir. Onu da başa düşmək olmur. Əlindən tutum, üzündən, alnından öpdüm.

Əlləri kimi üzü, alnı da soyuq idi. Əvəzin üzündə, gözündə, əllərində balaca bir ümid axtarırdım, amma tapa bilmirdim. Ürəyimdə dedim ki, ilahi, nolar, bir möcüzə yarat, bir anın içində Əvəzin həbs olunmamışdan qabaq Xural TV-də gur-gur guruldayan səsini özünə qaytar, o şux bədənini, toppuş üzünü, parlaq gözlərini özünə qaytar, ilahi…

Niyəsə mən bunu düşünəndə Əvəzin gözlərinin içində bir işıq, təbəssüm gördüm. Bilmədim o işıq, o təbəssüm həqiqətən var idimi, yoxsa mənə elə gəldi… Amma mən o təbəssümü, qaranlığın içindəki nöqtə boyda o işığı heç vaxt unutmayacağam, Əvəz!

Kəramət BÖYÜKÇÖL

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…