Əsas məzmuna keç

FANİ DÜNYANI NECƏ TƏRK EDİM?!

(“Qısa hekayələr” silsiləsindən)
…Mən 20-ci Sahədə, Sürücülük məktəbinin yanında yaşayıram. Yerdən ikiotaqlı darısqal mənzildir, 4 baş ailə qışda soyuqdan şişir, yayda istidən bişirik. Allahın suyu həftədə bir dəfə gəlir. Həyətin ancaq adı var, bir ayaqyolu güclə yerləşir. Ayaqyolunun yanında iki nəfərlik oturacaq da var, özüm düzəltmişəm. Bu oturacaqda oturmağı, xəyala dalmağı, sevirəm…
Söz vaxtına çəkər deyirlər… 6 il bundan əvvəl müharibə başladı və “Vətən çağırdı”… Mən könüllü cəbhəyə getdim, Füzulidən Kəlbəcərə kimi (medallarım qalır, arabir taxıram, baxıram…) uzun döyüş yolu keçdim. Kəlbəcərdə ayağımdan ağır yaralandım, neçə ay qospitalda yatdım. Anam daim yanımda qaldı, faktiki olaraq, məni sağaltdı. Aylardan sonra ayağımı çəkə-çəkə evə gəldim. Amma əlillik statusu ala bilmədim, bir ətək pul istəyirdilər… Əlimə əsa aldım və 80 manatlıq “veteran” olaraq qaldım…
Anam da mənə vəfasızlıq etdi, məni öz qohumu ilə evləndirdi və atamın yanına getdi. Cəbhədən şikəst qayıtdığıma görə tikintidə köhnə işimə də bərpa oluna bilmədim. İki körpə uşaq, 80 manat pul, od tutub yanan bazar – təsəvvür edirsinizmi?! Əlimdən hər iş gəlir, arabir “Qul bazarı”na gedirdim, evə 5-3 “manat” gətirirdim. Amma ayağımdan ağrılar tutdu, borca girdim, min manata kimi pul verdim, belimdən əməliyyat etdirdim, iş qabiliyyətini tamam itirdim…
İşləyə bilmirəm, yoldaşım da işləmir, bəzən evdə dişə dəyəsi bir şey gözə dəymir… Arvadın, qızların üzünə baxa bilmirəm, bu fani dünyadan köçmək istəyirəm. Evimizdən bir az aralı Səlyan yolu keçir. Arabir əsa ilə bu yola qədər gedirəm, dənizin sahili uzaqdır – gedə bilmirəm. Bu yolda fikrimi həyata keçirmək, atamın-anamın yanına getmək istəyirdim.
Səhər-səhər bu yolda maşın çox olur, işıqforlara baxmayaraq, sürətlə gedirlər.
Mən də bir gün bu yolda əsanı işıq dirəyinə dirəyib səbrlə dayandım, qarşıdan gələn qara maşının qabağına atıldım. Sürücü cavan adam idi, cəld tərpəndi, qarşı yola keçdi, qarşıdan gələn maşınla kəllə-kəlləyə gəldi. Səs-küy, aləm bir-birinə dəydi, elə bildim ki, dünyanın axırıdır. Əsamı əlimə aldım, aradan çıxdım… Mən bir az utancaq adamam…
Mən yalnız utancaq deyiləm, həm də tərs adamam. Başıma bir fikir girdisə, çəkiclə da vurub çıxarmaq mümkün deyil. Əgər mən bu fani dünyadan getmək qərarına gəlmişəmsə, deməli getməliyəm. Səlyan yolunda faciə ilə nəticələnən yol qəzası məni yolumdan saxlaya bilmədi. Bizim 20-ci Sahə dairəsində bir “Zoomağaza” var, burda çox şey satılır. Əsamı əlimə aldım, yolumu bu mağazadan saldım, “siçan dərmanları”na baxdım. Qırmızı rəngli uzunsov paket diqqətimi cəlb etdi…
Paketin üstündə türkcə yazılmışdı ki, bir buğda dənəsi bir siçanı öldürür. Içində yüzlərlə buğda dənəsi olardı, evdə “yarım” arağım da vardı. Hava isti olduğundan evdə adam yoxdu. Fürsətdən istifadə etdim, arağı elə butulka ilə başıma çəkdim. Hərəsi bir siçan öldürən qırmızı buğda dənələri ilə “zakuska” etdim, bütün paketi yedim, bütün arağı içdim. Məni yuxu tutdu, divana yıxıldım… Sonrası yadıma gəlmir…
Səhər yuxudan gec ayıldım, ürəyim bulanırdı. Qızlar mənə baxdı güldü, arvad da dedi ki, kişi yaman yatmısan, üz-gözün də şişib. Nə isə… Bizim 20-ci Sahə dairəsində Ramazanın mağazası var, “1001 xırdavat” adlanır. Yolumu burdan saldım, bir yumaq ağ kəndir aldım. Evə qayıtdım, gözlədim, arvad-uşaq gedəndən sonra işə girişdim. Bizim evin qabağı qonşunun ikimərtəbəli imarətinin arxasına baxır. Bizim arvad deyir ki, bu, işığın, havanın qabağını kəsmək üçündür…
Bilmirəm, biz bura köçəndə bu divar vardı, amma indi mənim işimə yaradı. Binanın 1 və 2-ci mərtəbələri arasında beton pltələr qoyulmuşdu, bəzi armaturlar biz tərəfə çıxmışdı. Evdən gətirdiyim kətilin üstünə çıxdım, kəndirin bir ucunu yuxarı atıb armaturlardan keçirdim, uclarını tutub düyünlədim, yerdən 2 metr aralı babat bir ilgək düzəltdim. İlgəyi boynuma keçirib “Kəlmeyi-şəhadətimi” dedim. Sonra stulu ayağımın altından itələdim…
Özümə gələndə gördüm arvad-uşaq başıma yığılıb, ağlaşırlar. Hələ qonşudan gələn, mərsiyə deyən arvadlar da var. Arvadların köməyi ilə dirsəklənib ayağa qalxdım, özümü ayaqyolunun yanındakı oturacağa saldım. Xəyala daldım… Adamı adam kimi yaşamağa, adam kimi ölməyə qoymurlar, heç olmasa imkan versinlər, ilan kimi sürünək, arabir qurbağadan-zaddan tutub yeyək…
Qalib ARİF
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…